Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin genetik kodu” adlı təntənəli tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Molekulyar Biologiya İnstitutunun direktoru, akademik İradə Hüseynova öncə belə əlamətdar gündə böyük alim və ictimai-siyasi xadim Cəlal Əliyevin yadigarı olan institutda qonaqları salamlamasından məmnunluğunu ifadə edib. O bildirib ki, Zəfər Gününün altıncı ildönümü ölkəmizin hər yerində böyük qürur və fəxarət hissi ilə qeyd olunur. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə milli iradənin, dövlət-xalq-ordu birliyinin və əsrlər boyu formalaşmış dövlətçilik ənənələrinin təntənəsidir.
Akademik 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasətinin, Azərbaycan xalqının birliyinin, Vətən sevgisinin, Milli Ordumuzun qüdrət və qəhrəmanlığının həlledici rol oynadığını vurğulayıb. Şuşanın azad edilməsinin hərbi-strateji əhəmiyyəti ilə yanaşı, xalqımızın mənəvi gücünü, tarixi yaddaşını və milli qürurunu nümayiş etdirən müstəsna hadisə olduğunu qeyd edib.
Tədbirin “Zəfərin genetik kodu” adlandırılmasının rəmzi məna daşıdığını bildirən İ.Hüseynova bu ifadənin xalqımızın tarixi yaddaşında kök salmış, nəsildən-nəslə ötürülən milli ideyaları, azadlıq və müstəqillik məfkurəsini, həmrəylik və birlik ruhunu əks etdirdiyini söyləyib. Onun sözlərinə görə, Zəfərin genetik kodunu xalqımızın milli kimliyini formalaşdıran qəhrəmanlıq, vətənpərvərlik, cəsarət, mübarizlik, əzmkarlıq və Vətənə sədaqət kimi ali keyfiyyətlər təşkil edir. Məhz bu milli-mənəvi dəyərlər xalqımızı tarixin ən çətin sınaqlarında birləşdirərək vahid amal ətrafında səfərbər edib və böyük qələbələrə aparıb.
Azad Qarabağın yeni inkişaf mərhələsinə toxunan akademik hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb. Azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradıldığını, tarixi-mədəni və dini abidələrin bərpa olunduğunu, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdıqlarını bildirib.
İ.Hüseynova vurğulayıb ki, bu ərazilərin hərtərəfli inkişafı elmin də Qarabağa Böyük Qayıdışını, yeni elmi tədqiqatların və layihələrin həyata keçirilməsini zəruri edir. Akademik Qələbədən dərhal sonra Qarabağ və Zəngilana təşkil olunan ilk ekspedisiyalarda alimlərin də iştirak etdiyini xatırladaraq, həmin dövrdə bitki örtüyünün və radiasiya fonunun öyrənilməsi, ilkin ekoloji monitorinqlərin aparılmasının mühüm vəzifələrdən olduğunu qeyd edib. Minalanmış ərazilərdəki təhlükələrə baxmayaraq, alimlərimizin bu işlərdə fəal iştirak edərək azad edilmiş torpaqların elmi tədqiqinə töhfə verdiklərini vurğulayıb. O, həmçinin Molekulyar Biologiya İnstitutunun da təşkilatçılar sırasında yer aldığı "Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi" mövzusunda onlayn konfransı (20-21 may 2021-ci il), "Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış" mövzusunda beynəlxalq konfransı (22-23 sentyabr 2022-ci il) xatırladıb, sonuncu tədbirin açılışının Bakıda, bağlanış mərasiminin isə Şuşada keçirildiyini qeyd edib.
Zəfərin əldə olunmasında şəhid və qazilərimizin fədakarlığını xüsusi vurğulayan akademik bildirib ki, bu tarixi Qələbənin arxasında Vətən uğrunda canından keçən igid oğul və qızlarımızın, eləcə də sağlamlığını itirən qəhrəmanlarımızın misilsiz şücaəti dayanır.
İnstitutun kollektivini Zəfər Günü münasibətilə təbrik edən İradə Hüseynova çıxışını belə yekunlaşdırıb: “Biz hamımız, o cümlədən gələcək nəsillər bu tarixi Zəfəri qorumalı, müstəqil Azərbaycanımızın inkişafına töhfə vermək üçün səylə çalışmalı və şəhidlərimizin əziz xatirəsini daim yaşatmalıyıq”.
Tədbirdə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi-vətənpərvərlik nəğmələrinin mahir ifaçısı Şəmistan Əlizamanlı çıxış edərək Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən, Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıb. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Qələbənin xalqımıza azad və qalib ölkənin vətəndaşları olmaq qürurunu yaşatdığını bildirib.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Yusif Mirzəyevlə bağlı xatirələrini bölüşən Ş.Əlizamanlı “İgid əsgər möhkəm dayan” mahnısının yaranma tarixindən də bəhs edib. Daha sonra o, “Can Azərbaycan!” və “İgid əsgər möhkəm dayan!” mahnılarını canlı ifa edib.
Tədbirdə AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Oqtay Qasımov, Pənah Muradov, professor Könül Baxşəliyeva, Əməkdar artist Nuriyyə Hüseynova, İkinci Qarabağ müharibəsinin qazisi, institutun əməkdaşı Rəsul Quliyev və “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlı çıxış ediblər.
Çıxışlarda Vətən müharibəsinin tarixi-siyasi əhəmiyyəti, Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi peşəkarlıq və qəhrəmanlıq, Şuşanın azad edilməsinin hərbi və mənəvi əhəmiyyəti, eləcə də Zəfərin ölkəmizin gələcək inkişafı üçün açdığı imkanlar müzakirə olunub. Natiqlər tarixi Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, dövlətimizin və ordumuzun birliyi sayəsində əldə edildiyini vurğulayıblar. Gənc nəslin qəhrəmanlıq tariximizi dərindən öyrənməsinin, milli yaddaşın qorunmasının və Zəfərin yaratdığı imkanlardan ölkəmizin tərəqqisi naminə istifadə edilməsinin vacibliyi qeyd olunub.
Daha sonra Yəhya Babanlı Vətən müharibəsinin xronikasını əks etdirən “Tarixi Qələbə” kitabını akademik İradə Hüseynovaya təqdim edib.
Tədbir bədii hissə ilə davam edib. Vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib. Tanınmış muğam ifaçısı Nuriyyə Hüseynova və müharibə iştirakçısı, qazi Əvəzxan Əzizov (muğam üçlüyünün müşayiəti ilə) Qarabağa, Şuşaya və Zəfərə həsr olunmuş mahnılar ifa ediblər. 275 saylı tam orta məktəbin 4A sinif şagirdi Fəxri Balakişizadə vətənpərvərlik mövzusunda şeir söyləyib.
Tədbirdə Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.