Azərbaycan Milli Elmlər Akademiyasında elmi müəssisələrin fəaliyyətinin bal sistemi əsasında rəqəmsal qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsi və pilot qaydada tətbiqi məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri, Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, Mərkəzi Elmi Kitabxananın direktoru, texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə və digər müvafiq əməkdaşlar iştirak ediblər.
Müşavirədə bildirilib ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü və rəhbərliyi ilə Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elmi fəaliyyətin və idarəetmənin rəqəmsallaşdırılması, müasir informasiya texnologiyalarının və süni intellekt imkanlarının tətbiqi təşkil edir. Bu istiqamətdə görülən işlərin məqsədi elmi fəaliyyətin nəticələrinin sistemli qeydə alınması, ölçüləbilən göstəricilər əsasında dəyərləndirilməsi və hesabatlılığın təkmilləşdirilməsidir.
Qeyd olunub ki, akademik İsa Həbibbəylinin təklifi əsasında AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən, elmi fəaliyyətin bal sistemi üzrə rəqəmsal qiymətləndirilməsinin ilkin mərhələdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu, Arxeologiya və Antropologiya İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutunda pilot qaydada tətbiqi nəzərdə tutulur.
Müzakirələr zamanı bal sisteminin konseptual əsasları, qiymətləndirmə mexanizmləri, fəaliyyət istiqamətləri üzrə kateqoriyalar və meyarlar geniş təhlil edilib. Elmi məqalələr, monoqrafiyalar, kitablar, sahə tədqiqatları, elmi ekspedisiyalar, qrant və layihələr, beynəlxalq əməkdaşlıq, elmi ekspertiza, elmin populyarlaşdırılması, milli elmi-mədəni irsin tədqiqinə töhfələr, rəqəmsal elmi resursların yaradılması və digər fəaliyyət növləri üzrə bal göstəricilərinin müəyyənləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Müşavirədə bal sisteminin praktik tətbiqi zamanı yarana biləcək təşkilati, metodoloji və texnoloji çətinliklər də ətraflı şəkildə müzakirə olunub. Elmi əməkdaşların fərdi elektron kabinetlərinin fəaliyyəti, məlumatların sistemə daxil edilməsi, təsdiqedici sənədlərin yoxlanılması, həmmüəllifli işlərin qiymətləndirilməsi, təkrar göstəricilərin qarşısının alınması, balların avtomatik hesablanması və ümumiləşdirilmiş hesabatların hazırlanması məsələləri nəzərdən keçirilib.
Qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi, elektron sistemin texniki imkanlarının genişləndirilməsi, istifadəçilərə metodiki və texniki dəstəyin göstərilməsi, elmi müəssisələr arasında əlaqələndirmənin gücləndirilməsi və pilot tətbiq zamanı ortaya çıxan problemlərin operativ həlli yolları ilə bağlı təkliflər səsləndirilib.
Sonda belə bir qərara gəlinmişdir ki, AMEA-nın elmi müəssisələrinin elmi və elmi-təşkilati fəaliyyətinin bal sistemi əsasında qiymətləndirilməsi modeli AMEA Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə təqdim edilsin.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.