Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2026 16:52
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Şanlı tariximizin möhtəşəm Zəfər Günü” mövzusunda elmi sessiya keçirilib

Şərqşünaslıq İnstitutunda “Şanlı tariximizin möhtəşəm Zəfər Günü” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şanlı tariximizin möhtəşəm Zəfər Günü” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdən öncə institutun kollektivi Hərbi Memorial Məzarlığı ziyarət edərək şəhidlərimizin xatirəsini yad edib.

Elmi sessiyanının əvvəlində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, ötən əsrin 80-ci illərində Qarabağda başlayan erməni separatizmi 90-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizinin işğalına və 1 milyondan çox soydaşımızın məcburi köçkün düşməsinə səbəb olub. Torpaqlarımızın təxminən 30 il əsarətdə qaldığını xatırladan akademik, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə xaosun aradan qaldırıldığını və ordu quruculuğunun təməlinin qoyulduğunu vurğulayıb. Akademik G.Baxşəliyeva 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi islahatların, beynəlxalq əlaqələrin və müasir ordu quruculuğu siyasətinin məntiqi nəticəsi olaraq, xalq-iqtidar birliyi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıldığını və torpaqlarımızın azad olunduğunu diqqətə çatdırıb.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü çıxış edərək Vətən müharibəsində qazanılan tarixi qələbənin əhəmiyyətindən danışıb. R.Cümşüdlü 44 günlük savaşın qlobal miqyasda xalqımızın və ölkəmizin obrazını tamamilə yenidən formalaşdıran şanlı qəhrəmanlıq dastanı olduğunu qeyd edərək, müzəffər ordumuzun misilsiz hərbi gücü və ruh yüksəkliyi ilə işğalçıya tarixi dərs verdiyini diqqətə çatdırıb.

Rəqəmsal inkişaf üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev bildirib ki, xalqımız iki əsr ərzində torpaq itkiləri və böyük ədalətsizliklərlə üzləşib. 2020-ci il sentyabrın 27-də başlanan və noyabrın 8-də möhtəşəm Zəfərlə başa çatan Vətən müharibəsi tarixi ədaləti bərpa edərək torpaqlarımızı özümüzə qaytardı. Bu böyük nailiyyəti qorumaq hər birimizin borcudur. Alimlərin qarşısında duran əsas vəzifə isə bu tarixi Qələbənin müxtəlif aspektlərdən tədqiq edilməsi və dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu istiqamətdə Şərqşünaslıq İnstitutunda kitablar yazılır, elmi məqalələr hazırlanır.

Sonra məruzələrə başlanıb. İnstitutun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi Pərviz Ağayev “Müzəffər ordunun əmanəti və Zəfər ruhunda formalaşan gənclik” mövzusunda məruzə ilə çıxış edib. O, ölkə daxilində Zəfər Gününə həsr olununan silsilə tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, bu cür tədbirlərdə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolu xatırlanır, qəhrəman hərbçilərimizin şücaətindən bəhs olunur və fədakar şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir. Qeyd olunub ki, bütün bunlar gənc nəslin milli-vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır.

Vətən müharibəsi iştirakçısı olan Pərviz Ağayev keçdiyi döyüş yolundan da bəhs edib.

İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov “Vətən müharibəsində Zəfər: işğaldan suverenliyin tam bərpasına və sülhə (2020–2026)” mövzusunda məruzə edib. Məruzədə Zəfərin tarixi zəmini, otuz illik işğal dövrü və BMT Təhlükəsizlik Şurasının icra olunmamış qətnamələrindən bəhs olunub, 44 günlük Vətən müharibəsinin gedişi və Şuşanın azad edilməsinin həlledici əhəmiyyəti də işıqlandırılıb. Məruzədə Zəfəri şərtləndirən amillər – siyasi iradə və sərkərdəlik, müasir ordu quruculuğu, milli birlik, iqtisadi güc və diplomatiya geniş təhlil edilib, Məruzəçi Qərb hərb elmində Vətən müharibəsinə verilən qiymətdən də bəhs eidb. Bu kontekstdə L.Kollins və C.Spenserin “The War for Karabakh” (2026) kitabındakı yanaşmaları nəzərdən keçirən N.Məmmədov həmçinin 2023-cü il antiterror tədbirləri ilə suverenliyin tam bərpasından danışıb.

İnstitutun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova “Zəfərin zərif qəhrəmanları: Vətən müharibəsində Azərbaycan qadını” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın yaddaşına əbədi həkk olunan, milli qürurumuzun, birliyimizin və Vətən sevgimizin təcəssümünə çevrilən möhtəşəm tarixdir. Vurğulanıb ki, bu böyük Qələbənin arxasında döyüş meydanındakı igidlərimizlə yanaşı, Azərbaycan qadınının – anaların, həyat yoldaşlarının və bacıların misilsiz mənəvi gücü dayanırdı.

Məruzəçi qeyd edib ki, ölkəmizin ictimai-siyasi, mədəni və sosial həyatında hər zaman fəallığı ilə seçilən Azərbaycan qadını Vətən müharibəsi dövründə də əsl vətənpərvərlik nümunəsi göstərib. Onlar yalnız mənəvi dəstəklə kifayətlənməyərək, hərbi qulluqçu, tibb işçisi, könüllü və jurnalist kimi müharibənin müxtəlif istiqamətlərində fəal iştirak ediblər.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: