Mayın 29-da Akademiya parkında IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “AMEA-80 paneli” keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları və əməkdaşları, digər qurumların nümayəndələri iştirak ediblər.
Tədbir AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya elmləri doktoru, dosent Eşqanə Babayevanın moderatorluğu ilə baş tutub.
Paneli giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının Azərbaycan elminə, aliminə və ziyalısına dövlətimizin verdiyi ali dəyərin ifadəsi olduğunu bildirib.
AMEA-nın tarixi barədə panel iştirakçılarına məlumat verən akademik İsa Həbibbəyli bildirib ki, Milli Elmlər Akademiyası ötən 80 il ərzində şərəfli və tarixi yol keçib, alimlərimiz öz elmi tədqiqatları ilə dövlətimizin inkişafına misilsiz töhfələr veriblər. 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə Azərbaycan Milli Elmlər Akademiyasının ilkin təməllərinin atıldığını deyən akademik İsa Həbibbəyli bu qurumun sonrakı illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna çevrildiyini, 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin təsis edilməsi ilə Azərbaycanda akademik statusda ilk elmi təşkilatın əsasının qoyulduğunu diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli elmin təşkilatlanması işlərinin başa çatdırılması ilə nəhayət 27 mart 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunduğunu, Akademiyanın ilk prezidentinin, Rəyasət Heyəti üzvlərinin seçildiyini, ilk Nizamnamənin qəbul olunduğunu söyləyib. AMEA rəhbəri 1945-ci ildən 1969-cu ilədək olan dövrün Akademiyanın yaranması və elmi-təşkilati əsaslarının formalaşdırılması mərhələsi kimi xarakterizə edildiyini bildirib.
Natiq görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, elmin də inkişafına xüsusi diqqət yetirildiyini, bu mərhələnin AMEA-nın 80 illik tarixində intibah dövrü kimi qəbul edildiyini vurğulayıb. 1983-1993-cü illərdə ölkəmizdə geriləmə və tənəzzül proseslərinin Akademiyadan da yan keçmədiyini deyən akademik İsa Həbibbəyli tənəzzülün 1991-1993-cü illərdə böhran həddinə çatdığını, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın, o cümlədən Akademiyanın bəlalardan xilas olduğunu söyləyib. Qeyd edib ki, Ulu Öndər bu dövrdə Akademiyaya və ziyalılarımıza göstərdiyi diqqəti daha da artırıb, 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına “Milli” stasusu verib və bu mərhələ yenidən təşkilatlanma və Milli Elmlər Akademiyasının quruculuğu dövrü kimi xarakterizə olunur.
2003-2022-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin öz inkişafının ən yüksək dövrünü yaşadığını bildirən akademik İsa Həbibbəyli bu tarixin Akademiyanın modernləşdirilməsi dövrü kimi qəbul edildiyini, 2022-ci ilin oktyabrından isə yeniləşmə və islahatlar mərhələsinin başladığını diqqətə çatdırıb.
Qeyd edib ki, bu mərhələdə Milli Elmlər Akademiyasında Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, dövlətimizin prioritetlərini və müasir dünya elminin çağırışlarını rəhbər tutaraq AMEA-da daxili imkanlar hesabına Qarabağa, Qərbi Azərbaycana, Türk dünyasına dair tədqiqatların aparıldığı onlarla yeni şöbənin - “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı”, “Qərbi Azərbaycan tarixi”, “Qərbi Azərbaycan folkloru”, “Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi”, “Toponimika”, “Türk sənət tarixi və mədəni irsi”, “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” və s. şöbələrin yaradıldığını bildirib. Həmçinin “Heydər Əliyev Ensiklopediyası” və “Qərbi Azərbaycan Ensiklopediyası” istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Bundan əlavə, yeniləşən Akademiyanın prioritet istiqamətlərindən biri olan elektron elmin inkişafı və rəqəmsallaşma istiqamətində atılan addımların genişləndirilməkdə olduğunu söyləyib.
Akademik İsa Həbibbəyli bu mərhələdə əldə olunan başlıca uğurlardan birinin də AMEA-nın 80 illik tarixində ilk dəfə olaraq beynəlxalq təşkilatlara - Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası, Avrasiya Universitetlər Birliyi, Akademiyalararası Tərəfdaşlıq Assosiasiyası (IAP) kimi nüfuzlu qurumlara üzv qəbul edildiyini və beynəlxalq elmi mühitdə dövlətimizin maraqlarını müdafiə etdiyini bildirib.
O cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyasının və Yol Xəritəsinin qəbul edilməsi ilə Azərbaycan elminin gələcək hədəflərinin müəyyənləşdirildiyini diqqətə çatdırıb.
Bundan əlavə, regionlarda da elmin inkişafına dəstək verildiyini və Akademiyanın bölmə və regional elmi mərkəzlərində dövlətimizin prioritetlərini və müasir dünya elminin çağırışlarını nəzərə alaraq bir sıra islahatların həyata keçirildiyini deyib.
Akademik İsa Həbibbəyli dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının yüksək səviyyədə icrası məqsədilə AMEA-nın 80 illik yubileyinin dost və qardaş ölkələrdə də keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
AMEA rəhbəri çıxışının sonunda qeyd edib ki, bu gün Milli Elmlər Akademiyası Ulu Öndər Heydər Əliyevin idealları, Prezident İlham Əliyevin tapşırıq və vəzifələri və Azərbaycan dövlətinin prioritetlərini rəhbər tutaraq fəaliyyətini uğurla davam etdirir və alimlərimiz dövlətimizin inkişafı, əldə etdiyi nailiyyətlərin təbliği istiqamətində yorulmadan, əzmlə çalışırlar.
Panel müzakirələrdə, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Elm və Təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov çıxış edərək Azərbaycan Milli Elmlər Akademiyasının ötən 80 ildə keçdiyi şərəfli tarixi yola nəzər salıb, dövlətimizin Azərbaycan elminə və ziyalısına göstərdiyi diqqət və qayğıdan danışıb, son illərdə yeniləşən Akademiyada əldə olunan uğurlara toxunublar.
Sonda xatirə şəkilləri çəkdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.