Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.04.2026 09:54
  • A-
  • A
  • A+

Qarabağ Universitetində Qafqaz Albaniyası ilə bağlı elmi seminar keçirilib

Qarabağ Universitetində Qafqaz Albaniyası ilə bağlı elmi seminar keçirilib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova Qarabağ Universitetinin Sosial və Humanitar Elmlər fakültəsinin dəvəti ilə tarix  ixtisası üzrə təhsil alan tələbələr üçün "Albaniya tarixi: aktual problemlər və yeni yanaşmalar” mövzusunda seminar keçirmişdir.

Ellada Bəkirova Qarabağ bölgəsinin alban mədəni irsinin əsas məkanlarından biri olduğunu vurğulayaraq bu sahədə aparılan tədqiqatların əhəmiyyətinə diqqət çəkib. O, qeyd edib ki, Albaniya tarixinin müxtəlif məsələlərinin doğru şəkildə təbliği üçün albanşünaslığın mövcud elmi problemləri gənc tarixçilərin, tədqiqatçıların diqqətində olmalı, müasir elmdə mövcud olan yeni yanaşmaların tətbiqi ilə bu problemlər yenidən tədqiq edilməlidir.

O, Albaniya tarixinin tədqiqində qarşıya çıxan əsas çətinliklər, xüsusilə mənbə məhdudluğu və yeni metodoloji yanaşmalara dair öz fikirlərini tələbələrlə bölüşüb, mənbələrə sadəcə informasiya daşıyıcısı kimi deyil, diskurs kimi yanaşmağın vacibliyini vurğulayıb.

Sonda tarix, arxeologiya, antropologiya, coğrafiya və digər əlaqəli sahələrin birlikdə tətbiqi, multidissiplinar tədqiqatların aparılması ilə Albaniya tarixinin daha dolğun mənzərəsini yaratmağın mümkün olması qeyd olunub. Görüş tələbələrin tarixə daha tənqidi və çoxşaxəli yanaşmasını formalaşdırmaq, mövcud elmi problemlərə yeni baxışla yanaşması baxımından faydalı hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: