Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.04.2026 16:08
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Səməd Vurğunun 120 illiyinə həsr olunmuş konfrans keçirilib

Əlyazmalar İnstitutunda Səməd Vurğunun 120 illiyinə həsr olunmuş konfrans keçirilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun və Şəxsi arxivlərin tədqiqi şöbəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi, dramaturq Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatda və qəlblərdə yaşayan şair” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

Konfransı giriş nitqi ilə açan institutun direktoru akademik Teymur Kərimli Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, ictimai xadim Səməd Vurğunun ədəbiyyatımızdakı müstəsna rolundan, onun zəngin yaradıcılığının milli-mənəvi dəyərlərimizin formalaşmasındakı əhəmiyyətindən bəhs edib. Çıxışında Səməd Vurğun yaradıcılığını renessans düşüncəsi kontekstində dəyərləndirən alim onun humanist ideyalarının və geniş dünyagörüşünün bu baxımdan səciyyəvi olduğunu vurğulayıb. Bildirib ki, Səməd Vurğun irsi bu gün də öz aktuallığını qoruyur və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Açılış nitqindən sonra 190 saylı məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub. Şagirdlər görkəmli şairin yaradıcılığından şeir nümunələri səsləndiriblər.

Konfrans məruzələrin dinlənilməsi ilə öz işinə davam edib. 

İnstitutun şöbə müdirləri – fil.e.d., dosent Nailə Səmədova və fil.ü.f.d. Elnurə Babayeva, AMEA Folklor İnstitutunun əməkdaşı fil.ü.f.d., dosent İlhamə Qəsəbova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları – fil.ü.f.d., dosent Məlahət Babayeva və Leyla Həsənova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Aypara Abbasova, o cümlədən əməkdaşlarımız fil.ü.f.d. Aytən Quliyeva və Nərgiz Mustafazadə mövzuya uyğun məruzələrində şairin ədəbi irsini müxtəlif aspektdən təhlil edib, onun poeziyasında vətənpərvərlik, humanizm və milli dəyərlərin geniş şəkildə əks olunduğunu diqqətə çatdırıblar.

Məruzələrdən sonra tədbirin qonağı, S.Vurğunun nəticəsi, tanınmış pianoçu, Səməd Vurğunun Ev Muzeyinin direktoru Vurğun Vəkilov çıxış edərək, şairin zəngin irsinin qorunması və təbliği istiqamətində görülən işlərdən danışıb. Belə tədbirlərin milli ədəbi irsimizin təbliği və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran musiqiçi İnstitut rəhbərliyi başda olmaqla konfransın keçirilməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.

Tədbir çərçivəsində şairin həyat və yaradıcılığını özündə əks etdirən videoçarxlar nümayiş olunub.

Sonda konfrans iştirakçıları institutun Ekspozisiya zalında Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsi və institut Kitabxanasının birgə hazırladığı “Səməd Vurğun – 120” adlı sərgi ilə tanış olublar. Sərgidə şairin portreti, ailə fotoları, şəxsi arxiv materialları, “Vaqif”, “Fərhad və Şirin”, “Xanlar”, “Aygün”, “Muğan”, “Ayın əfsanəsi”, “Təzə il sovqatı”, “Sözün şöhrəti”, “Dörd söz” və bir sıra əsərlərinin avtoqraf nüsxələri, o cümlədən onun yaradıcılığına həsr olunmuş nəşrlər nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: