Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.11.2026 15:02
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyi əməkdaşlarına Beynəlxalq Muzeylər Şurasının üzvlük vəsiqələri təqdim olunub

Ədəbiyyat Muzeyi əməkdaşlarına Beynəlxalq Muzeylər Şurasının üzvlük vəsiqələri təqdim olunub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq Muzeylər Şurasına (ICOM) üzv olmuş əməkdaşlarına üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov vurğulayıb ki, Ədəbiyyat Muzeyi ölkənin aparıcı mədəniyyət müəssisələrindən biri olmaqla yanaşı, həm də Azərbaycan ədəbiyyatının və mədəni irsinin beynəlxalq miqyasda təbliğinə verdiyi töhfələrlə seçilir. O, muzeyin təşəbbüsü və iştirakı ilə ölkə daxilində və xaricdə bir sıra muzey layihələrinin həyata keçirildiyini xatırladıb, bu baxımdan Sloveniyada yaradılmış Məhsəti Gəncəvi Muzeyinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Akademik Rafael Hüseynov Azərbaycan və Sloveniya Prezidentlərinin iştirakı ilə açılışı reallaşan həmin muzeyin bu gün də fəaliyyətini davam etdirdiyini və Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rola malik olduğunu söyləyib.

Ədəbiyyat Muzeyinin beynəlxalq elmi və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini deyən akademik Rafael Hüseynov qeyd edib ki, son dövrdə Böyük Britaniyadan olan müxtəlif nümayəndə heyətləri ilə keçirilən görüşlər zamanı Azərbaycan elminin və ədəbiyyatının beynəlxalq miqyasda təbliği, ədəbiyyat nümunələrinin xarici dillərə tərcüməsi və nəşri sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. O, bu kimi əlaqələrin muzeyin gələcək fəaliyyətinin daha da genişlənməsinə və səmərəliliyinin artırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Akademik Rafael Hüseynov Beynəlxalq Muzeylər Şurasının muzeylərarası əməkdaşlığın inkişafında mühüm rolunu da diqqətə çatdırıb. Bildirib ki, 1946-cı ildə təsis edilmiş bu beynəlxalq təşkilat hazırda dünyanın 130-dan çox ölkəsindən on minlərlə muzey mütəxəssisini bir araya gətirir. Alimin sözlərinə görə, Ədəbiyyat Muzeyi uzun illərdir ICOM ilə əməkdaşlıq edir, təşkilatın beynəlxalq platformalarından istifadə etməklə müxtəlif ölkələrin aparıcı muzeyləri ilə əlaqələrini inkişaf etdirir.

Muzey direktoru ICOM-un Azərbaycan Milli Komitəsinin 1992-ci ildə yaradıldığını xatırladaraq, bu əməkdaşlığın Azərbaycan muzeylərinin beynəlxalq müstəvidə təmsil olunması, elmi konfransların, sərgilərin və birgə ekspozisiyaların təşkili baxımından geniş imkanlar yaratdığını vurğulayıb. O, həmçinin qeyd edib ki, muzey ICOM-un platformalarında Azərbaycanın mədəni irsinin, o cümlədən işğal dövründə Şuşada yerləşən muzeyə aid mənbələrin və Qarabağın mədəni sərvətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də fəaliyyət göstərib.

Akademik Rafael Hüseynov çıxışının sonunda muzey əməkdaşlarının ICOM-a üzv qəbul olunmasını həm onların peşəkar fəaliyyəti, həm də muzeyin beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından əlamətdar hadisə kimi qiymətləndirib.

Daha sonra Ədəbiyyat Muzeyinin Muzeyşünaslıq və fond işi üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ICOM-un Ədəbiyyat Muzeyi üzrə koordinatoru Nailə Əliyeva çıxış edərək Beynəlxalq Muzeylər Şurasının Azərbaycandakı fəaliyyəti, təşkilatın beynəlxalq muzey əməkdaşlığının inkişafındakı rolu və Ədəbiyyat Muzeyinin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. O, həmçinin beynəlxalq tədbirlərdə muzeylərin təmsilçiliyinin, elmi-mədəni mübadilənin və birgə layihələrin həyata keçirilməsinin milli mədəni irsin dünyada tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda muzey əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova, Aymən Həsənova, Nəzrin Yusifova, Ləman Muxtarova və Humay Qasımzadəyə Beynəlxalq Muzeylər Şurasına üzvlük vəsiqələri təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: