Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.04.2026 09:50
  • A-
  • A
  • A+

“Arxeoloji nəzəriyyə: klassik və müasir cərəyanlar” mövzusunda mühazirə keçirilib

“Arxeoloji nəzəriyyə: klassik və müasir cərəyanlar” mövzusunda mühazirə keçirilib

AMEA Arxeologiya və Antropologiya İnstitutunun doktorant və dissertantları üçün İnstitutun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Pərviz Qasımovun “Arxeoloji nəzəriyyə: klassik və müasir cərəyanlar” mövzusunda mühazirəsi keçirilib.

Mühazirədə Pərviz Qasımov arxeologiya elminin nəzəri baxışlarının əsasını qoymuş arxeoloqlar, nəzəri cərəyanların mahiyyəti və mövcud nəzəri problemlər barədə danışmışdır. Göstərilmişdir ki, arxeologiyada əsasən üç nəzəri əsasda (primordializm, pozitivizm və dixotomizm) paradiqmalar vardır. Arxeoloji nəzəriyyənin əsas iki problemi göstərildi: birincisi, arxeoloqların tətbiq etdiyi təsnifatın və kateqoriyaların (arxeoloji tiplər, taksonlar və d.) və verdikləri izahın (adətlərin şərhi, proseslərin konvergent, diffuziya, təkamül, dalğavari və s. köklü olması) tarixi gerçəkliyə uyğunluğudur. İkincisi, yazısız dövrdə qədim insan birliklərinin dil mənsubiyyətinin arxeoloji material əsasında təyininin mümkünlüyü. Bildirilmişdir ki, kökü millətçiliyin və irqçiliyin yarandığı dövrə uzanan primordialist baxışa görə, yazısız mənbə olmadan da hər hansı coğrafi bölgədə və dövrdə mövcud olmuş qədim insan birliyinin dili dolayı metodlarla müəyyənləşə bilər. Amma istifadə edilən primordialist metodlar (mədəni nümunələrə, dəfn adətlərinə, bioloji göstəricilərə, müasir dövrdə arxeogenetikaya və s. görə) spekulyativdir: alimin emosional, ideoloji, siyasi mövqeyindən asılı olaraq qədim əhaliyə tam fərqli dil mənsubiyyəti verilə bilər. Pozitivist mövqeyində olan arxeoloqlar isə, yalnız yazılı mənbə vasitəsilə qədim əhalinin dilinin müəyyən edilməsini bildirirlər.

“Qərb akademik elmində pərdələnmiş primordialist mövqeyin hələki mövcudluğunu nəzərə alsaq, yalnız arxeoloji nəzəriyyə üzrə biliklərimiz üzləşdiyimiz tədqiqatların mahiyyətini dərk etməyə və qərəzli iddialara və ibarələrə qarşı tutarlı cavab verməyə imkan verə bilər” – deyə Pərviz Qasımov mühzairəsinin sonunda vurğuladı.

Sonda P.Qasımov gənc alimləri maraqlandıran sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: