Azərbaycan Universitetində “Gənc alimlərlə görüş” layihəsi çərçivəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası ilə Universitetin İctimai elmlər kafedrasının birgə təşkilatçılığıyla seminar keçirilib.
“Kurqan abidələri və onların arxeoloji tədqiqi (Füzuli Yedditəpə kurqanları əsasında)” mövzusunda təqdimatla çıxış edən Nərmin Məmmədli kurqanların qədim dövrün sosial, dini və iqtisadi həyatının öyrənilməsində mühüm mənbə olduğunu vurğulayıb.
Təqdimatın ilk hissəsində kurqan anlayışı, onların yayılma arealı və memarlıq xüsusiyyətləri haqqında ümumi məlumat verilib, dünya arxeologiyasında mühüm yer tutan kurqan nümunələrinə nəzər salınıb.
Çıxışın əsas hissəsi Füzuli rayonu ərazisində yerləşən Yedditəpə kurqan kompleksinin tədqiqinə həsr olunub. Qazıntı nəticələrinə əsasən kurqanların memarlıq xüsusiyyətləri və dəfn inventarları haqqında məlumat verilib.
Təqdimatda xüsusilə kompleksdə qeydə alınan dəfn mərasimlərinin təşkili və arxeoloji müşahidələr geniş şəkildə şərh olunub.
Eyni zamanda qazıntıların metodoloji prinsipləri, qəbir abidəsinin mərhələli şəkildə öyrənilməsi, struktur izlərinin müəyyənləşdirilməsi və arxeoloji kontekstin qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Seminar interaktiv müzakirələrlə davam edib, tələbələr tərəfindən ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb.
Tədbirdə institutun digər əməkdaşları – Ülkər Allahverdiyeva, Nərmin Bayramova və Nərmin Hümbətzadə də iştirak ediblər.
Qeyd edək ki, bu cür elmi görüşlər tələbələrin arxeologiya sahəsinə marağının artırılmasına, onların tədqiqat mühitinə inteqrasiyasına və elmi dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.