18 iyun - “İnsan Hüquqları Günü” ilə əlaqədar olaraq 18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində AR Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda maarifləndirici tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqlənmiş, bununla da insan hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən olunmuşdur. Bu strateji kurs bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin davamı olaraq Prezidentin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi rəsmiləşdirilmiş və həmin tarixdən etibarən hər il ölkəmizdə qeyd olunmaqdadır.
İnstitutun icraçı direktoru b.ü.f.d., dos. Gülçöhrə Hüseynova tədbirdə çıxış edərək “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil edilən maarifləndirici tədbirin məqsədi və əhəmiyyəti haqqında məlumat verib. O vurğulayıb ki, bu cür tədbirlər insan hüquqları ilə bağlı ictimai məlumatlılığı artırmaqla yanaşı, əmək hüquqları sahəsində də maarifləndirməyə mühüm töhfə verir. Gülçöhrə Hüseynova sağlam ətraf mühitdə yaşamaq hüququ məsələsinə də toxunaraq bildirib ki, hər bir insanın sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq hüququ vardır. O əlavə edib ki, vətəndaşlar ətraf mühitin real vəziyyəti barədə məlumat əldə etmək, həmçinin ekoloji pozuntular nəticəsində sağlamlığına və ya əmlakına dəyən zərərə görə kompensasiya tələb etmək hüququna da malikdirlər. Bu hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş və beynəlxalq normalarla uyğunlaşdırılmışdır.
Tədbirdə çıxış edən institutun Həmkarlar Təşkilatının sədri, aqrar elmlər doktoru Məmməd Məmmədov isə insan hüquqlarının, o cümlədən əmək hüquqlarının təmin olunmasının Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi insan hüquqlarının müdafiəsi və təbliği istiqamətində görülən işləri gücləndirmək, vətəndaşları hüquq və vəzifələri barədə məlumatlandırmaqdır. Məmməd Məmmədov çıxışı zamanı xüsusilə əmək hüquqlarına diqqət çəkərək qeyd edib ki, işçilərin əmək müqaviləsi əsasında işləmək, ədalətli əməkhaqqı almaq, təhlükəsiz əmək şəraiti ilə təmin olunmaq, əmək və istirahət rejiminə riayət olunması, eləcə də məzuniyyət hüququndan maneəsiz şəkildə istifadə etmək hüquqları mövcuddur. O əlavə edib ki, əməkdaşların illik əsas məzuniyyətə çıxmaq hüququ, eləcə də sosial məzuniyyətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir və bu hüquqların qorunması həm işəgötürənin, həm də dövlət orqanların məsuliyyətindədir.
Tədbirin sonunda iştirakçılar arasında sual-cavab sessiyası təşkil olunub, əmək hüquqları ilə bağlı konkret nümunələr əsasında müzakirələr aparılıb və mövzu ətrafında fikir mübadiləsi edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.