AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin dəvəti ilə Azərbaycanda səfərdə olan dünya şöhrətli alim, Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru Əziz Sancar Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-nun rektoru Elçin Babayevlə keçirilən görüşdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, eləcə də AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və başqaları iştirak ediblər.
Elçin Babayev BDU-nun yaranma tarixi, fəaliyyət istiqamətləri, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, 105 yaşlı BDU fəaliyyəti müddətində elmin və təhsilin inkişafına böyük töhfələr verib, nüfuzlu alim və tədqiqatçılar yetişdirib.
Əziz Sancar BDU-da elmin müxtəlif istiqamətləri, o cümlədən biokimya, molekulyar biologiya və nanotexnologiyalar sahəsində aparılan işlər, eləcə də universitetin kadr hazırlığı ilə maraqlanıb.
Sonra Nobel mükafatçısı universitetin akt zalında tələbə və müəllim heyəti üçün “DNT-nin bərpası və beyin xərçəngi” mövzusunda mühazirə oxuyub.
BDU-nun rektoru Elçin Babayev tədbirdə paylaşılacaq biliklərin BDU-nun tələbələri və tədqiqatçıları üçün böyük önəm daşıdığını söyləyib, dünya şöhrətli alimin həyat və fəaliyyətinin Azərbaycan gəncləri üçün nümunə olduğunu bildirib. Rektor seminarın, həmçinin elm adamları arasında əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirməsi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, Əziz Sancar Türk dünyasında təbiət elmləri üzrə Nobel mükafatına layiq görülmüş yeganə alimdir. Akademik İsa Həbibbəyli türk olmağı ilə iftixar duyan Əziz Sancara türk xalqları üçün bu böyük nümunəni göstərdiyi, bu yolu qət etməyin mümkünlüyünü isbat etdiyi üçün Azərbaycan alimləri adından təşəkkür edib.
AMEA rəhbəri bildirib ki, görüşlərində Əziz Sancar olmağın yolları barədə danışan alimin böyüklüyü xalqını, ölkəsini, vətənini, bayrağını məhəbbətlə sevməsidir. O, dünyanı dərindən öyrənib, gərgin zəhməti sayəsində böyük uğurlar qazanıb. Akademik İsa Həbibbəyli özünəməxsus elmi məktəb yaratmış məşhur alimlə görüşün tələbələrin və gənc tədqiqatçıların həyatında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Bəşəriyyətin uğuru və firavan gələcəyinin elm adamlarının nailiyyətlərindən asılı olduğunu deyən Nobel mükafatı laureatı, professor Əziz Sancar tələbə və müəllimlərin çoxsaylı suallarını cavablandırıb.
Dünya şöhrətli alim səmimi, interaktiv mühitdə keçən görüşə görə Azərbaycan Milli Elmlər Akademiyasının və Bakı Dövlət Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.