Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycanın zəngin mədəniyyətini dünyaya daha çox tanıdan birinci xanım Mehriban Əliyeva
26.08.2024 16:12
  • A-
  • A
  • A+

Azərbaycanın zəngin mədəniyyətini dünyaya daha çox tanıdan birinci xanım Mehriban Əliyeva

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

Mehriban Arif qızı Əliyeva avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakı şəhəri 23 №-li orta məktəbi 1981-ci ildə qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Daha sonra, 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. Moskvada akademik Krasnovun rəhbərliyi altında 1990-1995-ci illər ərzində Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib. 2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb. Həmin ilin 13 aprel tarixində isə Mehriban xanım Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HCC) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (IHCF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə, hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub. Bundan əlavə, 1996-cı ildə Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib.

7 oktyabr 2002-ci il tarixində Mehriban xanım Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilib. O zaman AGF-nin fəaliyyətinə dörd gimnastika növünün inkişafı daxil idisə, bu gün Azərbaycanda artıq doqquz gimnastika növü inkişaf etdirilməkdədir. Gimnastlarımız Olimpiya Oyunlarında iştirak edib, Dünya və Avropa Çempionatlarının mükafatçıları olublar. 2014-cü ildən etibarən isə dünyada nadir idman tikililərindən hesab olunan Milli Gimnastika Arenası gimnastlarımızın məşq etməsi və yarışların keçirilməsi üçün istifadəyə verilib.

Azərbaycanın birinci xanımı xalqımızın Ulu öndərinin zəngin irsinin öyrənilməsi və eləcə də Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir.

13 avqust 2004-cü ildə Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban xanım Əliyeva UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. 15 noyabr 2022-ci ildə isə Xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi üçün UNESCO-nun Baş direktoruna məktub ünvanlayıb.

Mehriban xanım Əliyeva 28 dekabr 2004-cü ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. Bundan əlavə, o, 2005-ci ilin martında “2004-cü ilin ictimai xadimi” nominasiyası üzrə “Caspian Energy İntegration Award-2005” beynəlxalq mükafatına layiq görülüb.

2005-ci ildə Mehriban xanım Əliyeva Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, “İlin qadını” adına, ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb. Mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə 2006-cı ilin martında BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına layiq görülüb.

2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Həmin ilin 6 noyabrda isə Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov (indiki Xəzər) ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva deputat seçilib.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı “2005-ci ilin adamı” elan edib.

Mehriban xanım Əliyeva 23 noyabr 2006-cı ildə Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, o cümlədən islam aləmində görülən işlərə böyük dəstəyinə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

29 yanvar 2007-ci ildə Dünya Səhiyyə Təşkilatı (WHO) İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban xanım Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb. 2007-ci ilin mayında Mehriban xanım genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb. Azərbaycan Respublikasının Prezidentinin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib.

14 sentyabr 2009-cu il tarixində Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban Əliyeva Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.

15 fevral 2010-cu ildə Mehriban xanım Əliyeva Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib. Həmin ilin 30 iyul tarixində UNESCO-nun “Qızıl Motsart” medalı təqdim edilib. 2010-cu il noyabrın 7-də isə Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.

Mehriban xanım Əliyevaya 24 iyun 2011-ci ildə Krans Montana Forumunun Qızıl medalı, 29 iyun 2012-ci ildə isə “Prix de la Fondation” mükafatı təqdim edilib. 2012-ci ildə o, “mərhəmətinə, xeyirxahlığına, xalqların rifahı naminə yorulmaz fəaliyyətinə və kazaklara göstərdiyi köməyə görə” Azərbaycan Kazaklar İttifaqı tərəfindən ali “Kazak şöhrəti” (“Kazatskaya slava”) mükafatına layiq görülüb. Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2012-ci ilin 8 dekabr tarixində 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. I Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban xanım Əliyeva təyin olunub.

2013-cü ilin yanvarında Pakistanın nüfuzlu “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı Mehriban xanım Əliyevanı “Humanizm simvolu – 2012-ci ilin adamı” elan edib. Dekabrın 27-də isə Mehriban xanım Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb. Həmin ilin 7 iyun tarixində YAP-ın sədr müavini vəzifəsinə seçilib.

Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin 2013-cü il 8 mart tarixindən 2014-cü il 10 yanvar tarixinədək birgə keçirdiyi sorğunun nəticəsinə görə, Mehriban xanım Əliyeva 2014-cü ilin ən nüfuzlu qadını adına layiq görülüb.

2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, o cümlədən Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.

2014-cü ilin mayında Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə “The Business Year” jurnalı tərəfindən “İlin Birinci Xanımı” mükafatına layiq görülüb. İyun ayında Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub. Avqustda isə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə və İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunub.

Mehriban xanım Əliyeva 2015-ci il fevralın 11-də Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni, martın 26-da isə Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı – “Sreten” ordeni ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib. Həmin ilin 1 noyab tarixində Milli Məclisə keçirilən seçkilərdə namizədliyi YAP tərəfindən 14 saylı Xəzər seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 96,7% (38 029 səs) səs toplayaraq deputat seçilib.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsində oynadığı müstəsna rola, Azərbaycanın müsbət imicinin dünyada tanıdılması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, Azərbaycan və dünya mədəniyyətinin qarşılıqlı inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasındakı töhfələrə və ardıcıl xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı "2015-ci ilin adamı" elan edib.

21 yanvar 2016-cı ildə Mehriban xanım Əliyeva Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Ordeni, 6 mart tarixində “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif edilib.

2016-cı ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib. Həmin ilin 22 sentyabr tarixində Bolqarıstanın Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə Mehriban xanım Əliyevaya şəhərin fəxri vətəndaşı diplomu və döş nişanı təqdim edilib. Həmçinin həmin tarixdə Bolqarıstanın mədəni irsinin qorunmasına və təşviqinə böyük töhfəsinə, bu işdə fəal iştirakına görə Mehriban xanım Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomu ilə təltif olunub.

21 fevral 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Bu təyinatla əlaqədar 2017-ci il 6 mart tarixində V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilib.

Mehriban xanım Əliyeva 2017-ci il iyunun 2-də Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib. Azərbaycan memarlıq irsinin qorunub saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə, dekabrın 26-da isə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif olunub.

Mehriban xanım Əliyevaya 2018-ci il martın 15-də qlobal layihələrin, təhsilin, elmin və mədəniyyətin inkişafına verdiyi töhfələrə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı, iyulun 18-də İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni təqdim edilib. Həmin ilin sentyabrın 22-də Mehriban xanım Əliyevaya idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olunub.

18 yanvar 2019-cu il tarixində Mehriban xanım Əliyeva dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib. Həmin ilin 13 avqust tarixində Mehriban xanım Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Fərmanı ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub.

2020-ci il fevralın 22-də mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi - IX Piy Ordeninin Böyük Xaçı təqdim edilib. 2021-ci il martın 5-də YAP-ın sədri İlham Əliyevin Sərəncamı ilə partiya sədrinin birinci müavini təyin edilib.

Mehriban Əliyeva Prezident İlham Əliyevlə birgə Vətən müharibəsindən sonra mütəmadi olaraq işğaldan azad olunan ərazilərə səfər edir, bir çox açılış və təməlqoyma mərasimlərində iştirak edir. Eyni zamanda bir sıra tarixi abidələrin yenidən bərpa olunmasına öz töhfəsini verir.

Mehriban xanım Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.

Sizə səmimi qəlbdən möhkəm can sağlığı, xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayırıq!

Ad gününüz mübarək, Mehriban xanım!

Fərid MUSTAFAYEV,

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: