Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, tələbələrin və şagirdlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıram:
1. “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2013-cü il tarixli 3108 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 988; 2015, № 11, maddə 1339) ilə müəyyən edilmiş təqaüdlərin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 yanvar 2016-cı il.