Müdriklərimiz buyurub ki, həqiqi elm adamının böyüklüyü həm də onun sadəliyindədir. Ona görə alimlər üçün böyüklük deyəndə yaşın çoxluğu deyil, intellektual və elitar meyarlara malik olması əsas götürülür. Məhz o meyarlar ki, insanı şəxsiyyətə çevirir, adına ucalıq, müdriklik gətirir. Belə şəxsiyyətlərdən olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ARETN) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, AMEA-nın həqiqi üzvü, kimya elmlər doktoru, professor, Əməkdar elm xadimi Vaqif Məcid oğlu Fərzəliyev böyük intellektə malik alimlərimizdəndir.
O, 19 dekabr 1939-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olsa da, əslən Qarabağlıdır. Atası Məcid kişi dövlət qulluqçusu olmaqla müxtəlif rayonlarda hökumət və partiya rəhbərliyində, anası Tərlan xanım isə həkim vəzifəsində çalışmışdır. Ona görə tam əminliklə deyə bilərik ki, akademik Vaqif Fərzəliyevin yüksək elmi və təşkilatçılıq qabiliyyəti, böyük insani keyfiyyətləri həm də Qarabağın unikal gözəllikləri və özəlliklərinin irsən ona ötürülməsindən irəli gəlir.
Vaqif müəllim 1958-ci ildə 189 nömrəli tam orta məktəbi, 1963-cü ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə (Lenin təqaüdçüsü olmuşdur), 1966-cı ildə isə Azərbaycan Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun aspiranturasını (doktoranturasını) bitirib. Bundan sonrakı bütün həyat və yaradıcılığını akademik elmin inkişafı ilə bağlayıb. 1968-ci ildə Neft kimyası ixtisası üzrə kimya elmləri namizədi (kimya üzrə fəlsəfə doktoru), 1986-cı ildə isə həmin ixtisas üzrə kimya elmləri doktoru elmi dərəcəsi alıb. O, 1974-cü ildə Neft kimyası ixtisası üzrə baş elmi işçi (dosent), 1987-ci ildə isə həmin ixtisas üzrə professor elmi adına layiq görülüb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. 2018-ci ildə Böyük Britaniyanın Oksford Akademik Birliyinin, 2022-ci ildə isə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilmişdir.
Vaqif Fərzəliyev 1967-1987-ci illərdə Aşqarlar Kimyası İnstitutunda kiçik elmi işçi, laboratoriya rəhbərinin müavini, laboratoriya rəhbəri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. O, 1987-ci ildə Aşqarlar Kimyası İnstitutunun direktor vəzifəsini icra etmiş, 1988-ci ildə isə direktor təyin edilmişdir. Bu gün də həmin vəzifədə çalışır.
Vaqif Fərzəliyev 2007-ci ildə AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, 2008-2013-cü illərdə AMEA-nın akademik-katibi, 2018-2020-ci illərdə AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrində çalışmışdır.
Alimin elmi fəaliyyətinin əsas istiqamətini yüksək təsirli aşqarların sintezi, tədqiqi və onların əsasında yüksəkkeyfiyyətli yağ, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyalarının yaradılmasının elmi əsaslarının işlənilməsi təşkil edir. O, yeni aşqarların sintezi, onların funksional təsir mexanizminin və həmçinin tərkib və quruluşlarının effektivliyə təsirinin öyrənilməsi sahəsində sistemli fundamental tədqiqatlar aparır.
Vaqif Fərzəliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə polimer aşqarlar, yeyilməyə və siyrilməyə qarşı kükürdsaxlayan aşqarlar, oksidləşmənin qarşısını alan aşqarlar (antioksidantlar), antimikrob aşqarlar (biosidlər), sürtkü, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyaları yaradılmış və uğurla tətbiq olunmuşdur. Onun ölkəmizin müstəqillik illərində istehsalata vəsiqə qazanan tətbiqi işləri içərisində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərində yüksək parafinli neftlərin nəqlini təmin etməklə müvəffəqiyyətlə istifadə edilən "Depressator AKİ" aşqarı, Birinci Qarabağ və Vətən müharibəsində hərbi texnikada istifadə olunan xüsusi təyinatlı yağları, eyni zamanda qlobal ekoloji problemlərin həllinə töhfə verən, neft emalı zavodlarının fəaliyyəti nəticəsində əmələ gəlmiş, min tonlarla Abşeronun Balaxanı qəsəbəsi ərazisinə tullanaraq həddindən artıq ekoloji gərginlik yaratmış "Turş qudron"un emalının və emal məhsulundan istifadə edərək mazut əsasında alınan qalıq yanacaqların özlülük və aşağı temperatur xassələrini yaxşılaşdıran əlavənin yaradılmasını xüsusilə qeyd etmək lazımdır. Vaqif Fərzəliyevin rəhbərliyi ilə yerinə yetirilmiş "Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili" adlı kompleks elmi-texniki iş 2024-cü ildə Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür.
Hazırda akademik fizioloji fəal birləşmələrin sintezi və tədqiqi sahəsində önəmli tədqiqatlar aparır. Bu tədqiqatların nəticələri minə yaxın məqalə, 100-dən çox patent (ixtira) və müəlliflik şəhadətnamələrində öz əksini tapmışdır. "Web of Science" qlobal informasiya şəbəkəsinin məlumatlarına görə, Vaqif Fərzəliyevin tədqiqat sahəsi üzrə 250 elmi əsəri müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olmuş və onlara dünya alimləri tərəfindən 5000-ə yaxın istinad edilmişdir. Vaqif Fərzəliyevin H-indeksi 30-a bərabərdir.
Rus, ingilis və türk dillərini sərbəst bilən Vaqif Fərzəliyev Azərbaycan elmini yaxın və uzaq xarici ölkələrdə yüksək səviyyədə təmsil etmişdir. ABŞ, İngiltərə, Almaniya, Fransa, Polşa, Macarıstan, Rumıniya, Çexiya, Sloveniya, Bolqariya, İran, Türkiyə, Hindistan, İraq, Rusiya, Ukrayna, Özbəkistan və s. ölkələrdə 210-a yaxın beynəlxalq və ümumittifaq elmi konfrans, simpozium, seminar və müşavirələrdə dəvətli professor kimi plenar iclaslarda məruzələrlə çıxış etmiş, bir sıra beynəlxalq konfransların təşkilat komitəsinin üzvü olmuşdur.
O, 1973-1974-cü illərdə SSRİ Elmlər Akademiyasının məsləhətçisi kimi İraq Neft İnstitutunda, 1979-1980-ci illərdə isə UNESCO-nun məsləhətçisi kimi Hindistan Neft İnstitutunda çalışmışdır.
Vaqif Fərzəliyev həm də yüksək səviyyəli pedaqoq kimi milli kimyaçı kadrların və alimlərin hazırlanmasında böyük rol oynamışdır. O, 1987-ci ildən bu günədək Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) pedaqoji fəaliyyətlə məşğul olmaqdadır. O, dərs dediyi tələbələrə dərin bilik verməklə yanaşı, onlarda elmə maraq oyatmağa, yüksəkixtisaslı kadr kimi yetişmələrinə və vətənpərvərlik hissi aşılamağa çalışır. Onun dərs dediyi yüzlərlə tələbə müxtəlif sahələrdə kimyaçı, mühəndis, elmi işçi kimi uğurla fəaliyyət göstərməkdədir. Onun rəhbərliyi ilə 7 elmlər doktoru, 29 fəlsəfə doktoru yetişmişdir. O, doktorluq dissertasiyasının müdafiəsi üzrə Dissertasiya Şurasının sədridir. Vaqif Fərzəliyevin yetirmələri arasında elmlər namizədləri və doktorları, professorlar, istehsalat rəhbərləri və yüksək vəzifəli şəxslər də vardır. Onun respublikamızda və xarici ölkələrdə çalışan yetirmələri dünya miqyasında tanınmış müəllimlərinin adını daim uca tuturlar.
Vaqif Fərzəliyev məhsuldar elmi fəaliyyətlə yanaşı, elmi-təşkilatçılıq işləri də yerinə yetirir. Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna 36 il ərzində rəhbərlik etmək akademik Vaqif Fərzəliyevin geniş miqyasda elmi-təşkilatçılıq bacarığının bariz nümunəsidir. Ölkəmiz üçün yeni olan bazar iqtisadiyyatına keçid dövründə - 1990-cı illərin ortalarında o, bir rəhbər kimi institutun elmi potensialını və ənənələrini qoruyub saxlaya bilmişdir. Həmin illər ərzində böyük çətinliklərə baxmayaraq, institutun yaradıcı kollektivi Vaqif Fərzəliyevin rəhbərliyi ilə bütün elmi istiqamətlərdə tədqiqatlarını günün tələbləri səviyyəsində davam etdirməyə nail olmuşdur.
Alimin elmi maraq dairəsinin genişliyi və məhsuldar işləmək bacarığı, erudisiyası, həssaslığı və xeyirxahlığı, anlamaq və yardımçı olmaq kimi gözəl insani keyfiyyətləri ona Aşqarlar Kimyası İnstitutu kollektivinin və ümumiyyətlə, ölkənin geniş elmi ictimaiyyətinin rəğbətini qazandırmışdır.
Azərbaycan, ümumiyyətlə, dünya kimya elminə böyük töhfələr verən, elmə öz möhürünü vuran, titulları və elmi nailiyyətləri saymaqla bitməyən, sözü və əməli ilə bütöv bir gənc nəslə nümunə olan akademik Vaqif Fərzəliyev, sözün əsl mənasında, böyük alim və şəxsiyyətdir.
Vaqif Fərzəliyev Azərbaycan ziyalısına xas bütün meyarları özündə dolğun əks etdirən müdrik insandır. Vaqif Fərzəliyevdən təkcə elmin sirlərini deyil, sadəlik, təvazökarlıq, səmimiyyət, vətənpərvərlik, gələcəyə inam kimi yüksək əxlaqi keyfiyyətlər əxz etməmək mümkün deyil.
Vaqif müəllimin ən ali keyfiyyətlərindən biri də Azərbaycan və dünya ədəbiyyatına bağlı insan kimi mütaliəyə daha çox yer ayırmasıdır. Onun ən sevimli məşğuliyyətindən biri çoxlu hikmətli sözlər, aforizmləri yadda saxlamaq və onlardan yerində istifadə etməkdir. Heç bir mübaliğəyə yol vermədən söyləmək olar ki, ensiklopedik biliyə və geniş erudisiyaya malik olan Vaqif Fərzəliyev istedadlı alim və xalqımıza xas zəngin mənəvi keyfiyyətlərin nadir daşıyıcılarındandır.
Dilqəm TAĞIYEV,
AMEA-nın vitse-prezidenti,
akademik
“Respublika” qəzeti