AMEA-nın Türk dünyası ölkələri ilə elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin yaradılması təsadüfi olmayıb. Belə bir şöbənin yaradılması türk dövlətləri arasında elmi əməkdaşlığı daha da genişləndirməyə, ortaq milli mədəni-fəlsəfi irsin araşdırılmasına imkan yaradır. Əlbəttə ki, prioritet istiqamətlərdən biri də türk dövlətləri, o cümlədən Qırğızıstanla elmi əməkdaşlıqdır.
Bu fikirləri açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli söyləyib. O bildirib ki, Yusif Balasaqunlu adına Qırğız Milli Universiteti, Cəlal-Abad Universiteti, Oş Dövlət Universiteti və digərləri ilə əməkdaşlıq Azərbaycan-Qırğızıstan münasibətlərinin elmi intellektual müstəvidə inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq iki ölkə arasında mövcud tarixi yaxınlıqla yanaşı, Türk dünyasının ortaq fəlsəfi, mənəvi-mədəni irsinin sistemli şəkildə öyrənilməsi üçün də geniş imkanlar yaradır.
“Qeyd edim ki, “Türk xalqları fəlsəfəsi tarixi” kitabımda məhz bu düşüncəyə əsaslanmışam, İslamaqədərki qədim dövr türk fəlsəfəsindən bəhs olunarkən qırğız xalqının “Manas” eposuna və digər dəyərli abidələrə müraciət etmişəm. Əlbəttə, Yusif Balasaqunlu, Mahmud Kaşğari, Çingiz Aytmatov və başqa tanınmış şəxsiyyətlər də yalnız Qırğızıstan deyil, bütün türk xalqları, o cümlədən Azərbaycan xalqı üçün dəyərlidir. Ötən ilin payızında Bişkekdə Yusif Balasaqunlu adına Qırğız Milli Universitetinin 100 illik yubileyinə həsr olunmuş “Türk dünyası və Yusif Balasaqunlu” forumunda “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və türk fəlsəfəsi”, bu ilin yazında Qırğızıstanın Oş Dövlət Universitetinin Maliyyə-Hüquq Kolleci tərəfindən keçirilmiş “Türk dünyasının ədəbi təhsil məkanı: fəlsəfi aspektlər və tədrisin yeni texnologiyaları” mövzusunda beynəlxalq onlayn vebinarda “Türk xalqları eposlarında fəlsəfi təfəkkür (Manas eposu nümunəsində)” məruzələrimdə də bütün bunları ifadə etmişəm. Türk xalqlarının ədəbiyyatı vasitəsilə milli şüurun, mədəni kimliyin və bütövlükdə türk sivilizasiyasının birliyinin gücləndirilməsinə yönəlmiş elmi və metodoloji təcrübə mübadiləsini təmin etmək lazımdır”, - deyə müsahibimiz bildirib. O vurğulayıb ki, qədim türk eposları, o cümlədən “Manas” dastanı buna ən yaxşı nümunələrdən biridir. “Manas” eposu yalnız bir qəhrəmanlıq dastanı deyil, eyni zamanda türk xalqlarının fəlsəfi təfəkkürünü ifadə edən dəyərli bir əsərdir.
F.Ələkbərli qeyd edib ki, hazırda üzərində işlədiyi “Türk xalqlarının fəlsəfəsi və filosofları (XIX-XX əsrlər)” kitabında yer verdiyi yeddi böyük türk mütəfəkkirindən biri qırğız mütəfəkkiri XIX əsrdə yaşamış Kalıqul Bayoğludur. Bu kitabın növbəti cildində isə böyük mütəfəkkir Çingiz Aytmatovun mədəni-fəlsəfi irsinə müraciət ediləcək. Eyni zamanda, ortaq türk fəlsəfə tarixinin yazılması istiqamətində işlər davam etdirilməkdədir.