Kurqanlar qədim türklərin geniş coğrafiyada istifadə etdiyi əsas qəbir abidələrindən və dəfn adətlərindən biri olub. Kurqanların quruluşu, daxilində yerləşdirilən əşyalar və dəfn zamanı tətbiq edilən qaydalar müəyyən ənənələrə əsaslanıb.
Bunu açıqlamasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji irs tarixi və nəzəriyyəsi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli deyib.
Alim bildirib ki, kurqanların quruluşunda və dəfn adətlərində eramızdan əvvəl XII əsrdən etibarən müəyyən dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər quldarlıq dövlətlərinin meydana çıxması və Aşşurun işğalçı yürüşlərinin intensivləşdiyi dövrlə əlaqələndirilir. Onun sözlərinə görə, proses kurqanların həm yerüstü, həm də yeraltı hissəsində özünü göstərib və uzun müddət davam edib. Bu dəyişikliklər təxminən eramızdan əvvəl II minilliyin sonlarından Antik dövrə və erkən orta əsrlərə qədər davam edib. Kurqan mədəniyyətinin qədim türk dəfn ənənələri ilə əlaqəsini göstərən nümunələrdən biri orta əsr türbələridir. Orta əsr türbələrinin sərdabələrinin plan quruluşu çoxdəfnli kurqanların yeraltı hissələri ilə bir sıra oxşarlıqlar təşkil edir.
“Kurqanların, demək olar ki, hamısında giriş yolu günçıxana, yəni şərq istiqamətinə yönəlib. Orta əsr türbələrində də sərdabələrin girişləri əsasən bu istiqamətdədir. Həmçinin sərdabələrdə dromosların olması, ölülərin geyimli şəkildə və müxtəlif əşyalarla birlikdə dəfn edilməsi kimi xüsusiyyətlərə rast gəlinir”, - deyə müsahibimiz bildirib. O qeyd edib ki, dəfn zamanı qoyulan əşyalar, o cümlədən keramika nümunələrinin üzərindəki naxışlar qədim dini təsəvvürlərin və Tanrıçılıq inancının izlərini əks etdirir. Qədim dövrdə böyük kurqanların əsasən varlı, nüfuzlu və adlı-sanlı şəxslər üçün inşa edilməsi ilə orta əsrlərdə iri türbələrin elit təbəqənin nümayəndələri üçün tikilməsi arasında da paralellər mövcuddur.
“Kurqanların ən zəngin dəfn adətləri məhz böyük kurqanlarda, eləcə də orta əsrlərin türbələrində qorunub. Mən türk xalqlarının dəfn ənənələrindən danışıram. Bu baxımdan orta əsr türbələri qədim dövr kurqanlarının davamı kimi qiymətləndirilə bilər. Onların arasında ciddi fərq yoxdur”, - deyə tarixçi-alim bildirib. Onun sözlərinə görə, kurqanların yeraltı hissəsində müxtəlif plan quruluşlarına rast gəlinir. Dördbucaqlı, xaçşəkilli, səkkizbucaqlı və dairəvi planlı kurqanlar mövcuddur. Eyni plan quruluşlarının orta əsr türbələrinin sərdabələrində də təkrarlandığı müşahidə edilir: “Orta əsr türbələrində səkkizbucaqlı, dördbucaqlı və xaçşəkilli sərdabələrə rast gəlinir. Bu planlar kurqanların yeraltı hissəsində də mövcuddur. Yəni kurqan dəfn adəti türk xalqlarında nə birdən-birə yaranıb, nə də yoxa çıxıb. Bu, ən qədim dövrlərdən, Tanrıçılıq inancına sahib türklərin istifadə etdiyi dəfn ənənələrindən biridir”.
B.İbrahimli, həmçinin qədim türklərin yaşadığı ərazilərdə məbəd tipli tikililərin arxeoloji qazıntılar zamanı geniş şəkildə aşkar edilmədiyini söyləyib: “Türklərin yaşadığı yerlərdə məbəd olmayıb. Arxeoloji qazıntılar zamanı belə tikililərə rast gəlinmir”.