Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, Azərbaycan Texniki Universitetinin Data Elmi və Süni İntellekt İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və institutun böyük elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru Günay İskəndərlinin həmmüəllifi olduqları “Vətəndaş rəylərinin sentiment analizi əsasında rəqəmsal dövlət xidmətlərinin qiymətləndirilməsi” (“Assessment of e-government services by sentiment analysis of citizen comments”) adlı məqalə dərc edilib. Tədqiqat işi “Scopus” və “Web of Science” beynəlxalq elmi bazalarında indekslənən “Electronic Government” jurnalında işıq üzü görüb.
Məqalədə rəqəmsal dövlət xidmətlərinin keyfiyyətinin və vətəndaş məmnuniyyətinin qiymətləndirilməsi üçün süni intellekt və sentiment analiz texnologiyalarına əsaslanan yeni metod təklif olunub. Tədqiqatda vətəndaşların rəqəmsal xidmətlərlə bağlı rəyləri avtomatik olaraq müsbət, mənfi və neytral olmaqla üç qrupa ayrılır, onların təhlili əsasında dövlət qurumları üzrə vətəndaş məmnuniyyətinin səviyyəsi müəyyən edilir.
Tədqiqatçıların sözlərinə görə, mövcud qiymətləndirmə yanaşmalarından fərqli olaraq, təklif olunan metod yalnız vətəndaş məmnuniyyətinin səviyyəsini müəyyənləşdirməklə kifayətlənmir. Bu metod, həmçinin vətəndaşların narazılığına səbəb olan problemlərin zaman üzrə dəyişməsini və dövlət qurumlarının həmin problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini qiymətləndirməyə imkan verir.
Məqalədə qeyd olunur ki, metodun əsas üstünlüklərindən biri vətəndaş rəylərinin süni intellekt vasitəsilə avtomatik emalı və sentiment analizi texnologiyalarından istifadə etməklə rəqəmsal dövlət xidmətlərinin operativ qiymətləndirilməsini təmin etməsidir. Eyni zamanda, mənfi rəylərdə tez-tez rast gəlinən ifadələrin semantik yaxınlığının təhlili vasitəsilə problemlərin yeni və ya təkrarlanan xarakter daşıdığı müəyyən olunur.
Təklif edilən metodun eksperimental yoxlanılması 10 min istifadəçi rəyindən ibarət məlumat bazası əsasında həyata keçirilib. Əldə olunan nəticələr göstərib ki, bu süni intellekt modeli vətəndaş məmnuniyyətinin qiymətləndirilməsi, dövlət xidmətlərində mövcud problemlərin dinamikasının izlənilməsi və onların aradan qaldırılması istiqamətində görülən tədbirlərin effektivliyinin müəyyən edilməsi üçün perspektivli yanaşmadır.
Müəlliflər hesab edirlər ki, təqdim olunan metod rəqəmsal dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, vətəndaşyönümlü idarəetmənin inkişaf etdirilməsinə, dövlət-vətəndaş münasibətlərində şəffaflığın və etimadın gücləndirilməsinə, eləcə də idarəetmə qərarlarının daha əsaslandırılmış şəkildə qəbul olunmasına mühüm töhfə verə bilər.