Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünaslıq İnstitutunda Qırğızıstanla bağlı elmi tədqiqatlar genişləndirilir
01.09.2026 14:42
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Qırğızıstanla bağlı elmi tədqiqatlar genişləndirilir

Türk dövlətləri ilə elmi əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Qırğızıstanla bağlı araşdırmaların aparılması, bu ölkənin alimləri ilə elmi əlaqələrin qurulması istiqamətində mühüm işlər həyata keçirilir.

Bunu açıqlamasında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva söyləyib.

“İnstitutda filologiya elmləri doktoru professor Lalə Əhmədova “XX əsrin 70-80-ci illəri romanlarında mənəvi-əxlaqi seçim problemi (Ç. Aytmatovun “Edam kötüyü” və Y. Səmədoğlunun “Qətl günü” romanları əsasında)” mövzusunda tədqiqat aparıb. O, institutunda “Çingiz Aytmatovun əsərlərində sosial-siyasi prioritetlər” mövzusunda elmi seminar da keçirib.

Filologiya elmləri doktoru, professor Elman Quliyev də qırğız ədəbiyyatının tədqiqinə mühüm töhfələr verib. O, “Müasir qırğız romanında cəmiyyət məsələlərinə yeni baxışın təzahür formaları” mövzusunda araşdırma aparıb, həmçinin Çingiz Aytmatovun “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Ağ gəmi”, “Gün var əsrə bərabər” əsərləri ilə bağlı tədqiqatlarının nəticələri ilə beynəlxalq elmi ictimaiyyət qarşısında çıxış edib. Şərqşünas-alim hazırda “Müasir qırğız bədii nəsrinin inkişaf problemləri (Ç. Aytmatov və Sultan Rayev yaradıcılıqları əsasında)” mövzusunda tədqiqat üzərində işləyir. O, ötən il Qırğızıstanın beynəlxalq “Çingiz Aytmatov” medalı ilə təltif edilib.

Şərqşünas-alimlərdən, həmçinin Təranə Həşimovanın Çingiz Aytmatov və Bəxtiyar Vahabzadə yaradıcılığında ideya paralellərinə, qırğız yazıçının Azərbaycan – Qırğızıstan ədəbi əlaqələrində yerinə, Elmira Məmmədovanın qırğız xalq dastanı “Manas”da vücudnamələrə, Dürdanə Cəfərlinin Qırğızıstanın nümunəsində milli quruculuqda İslam faktoruna dair araşdırmalarını da bu sahəyə töhfələri kimi qəbul etmək olar”, - deyə institutun direktoru bildirib.

Müsahibimiz deyib ki, Azərbaycan şərqşünasları ilə Qırğızıstan alimlərinin qarşılıqlı əlaqələri də ildən-ilə inkişaf edir. Elmi konfranslarda iki ölkənin alimləri iştirak edirlər, şərqşünas alimlərimiz Qırğızıstanın, qırğız alimləri isə Şərqşünaslıq İnstitutunun elmi jurnallarında məqalələrlə çıxış edirlər.

“Şərqşünaslıq İnstitutunun Qırğızıstanla elmi əlaqələri sırasında alimlərin dissertasiya müdafiələrində iştirak etməsini də qeyd etmək olar. Bu sırada Qırğızıstan MEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Abdıldajan Akmataliyevin Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən dissertasiya şurasının iclasında – “Türk xalqları ədəbiyyatı” ixtisasında filologiya elmləri doktorluğu üzrə dissertasiya işinin müdafiəsində opponent kimi iştirakını, Şərqşünaslıq İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin Qırğızıstan alimi Adaş Tolstokunovanın doktorluq dissertasiyasına verdiyi rəyi, filologiya elmləri doktoru, professor Elman Quliyevin bir neçə qırğız aliminin dissertasiyasının rəyçisi olmasını qeyd etmək olar. Alimlərimiz ə bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi, birgə tədqiqatların aparılması, yeni layihələrin həyata keçirilməsini davam etdirəcəklər”, - deyə akademik fikrini yekunlaşdırıb.

AzərTac

  • Paylaş: