Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.09.2026 18:12
  • A-
  • A
  • A+

Sarayevoda Əlyazmalar İnstitutu ilə Tarsus Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Sarayevoda Əlyazmalar İnstitutu ilə Tarsus Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda “II Beynəlxalq Anadolu Akademik Araşdırmalar Simpoziumu” təşkil olunub.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan bildirilib ki, “Dəyişən dünyada Balkanlar: çoxölçülü yanaşmalar və fənlərarası perspektivlər” mövzusunda təşkil olunan beynəlxalq elmi tədbir müxtəlif elm sahələri üzrə tədqiqatçıları, alimləri və mütəxəssisləri bir araya gətirib.

Simpoziumun əsas məqsədi müxtəlif akademik istiqamətlər arasında elmi dialoqun inkişaf etdirilməsi, müasir tədqiqat nəticələrinin təqdim olunması, beynəlxalq elmi və akademik əməkdaşlıq imkanlarının genişləndirilməsi olub. Beynəlxalq Sarayevo Universitetinin ev sahibliyi etdiyi simpoziumda Əlyazmalar İnstitutunun əməkdaşları əyani və onlayn formatlarda iştirak ediblər.

İnstitutun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini dosent Xatirə Yusifova simpoziumda “XIX–XX əsrlərin əvvəllərində Osmanlı və Balkanlarda fəaliyyət göstərən azərbaycanəsilli şairlərin ədəbi irsinin Azərbaycana transferi: nəşr tarixi və dil məsələləri” mövzusunda məruzə təqdim edib. Məruzədə həmin şairlərin yaradıcılıq irsinin Azərbaycana ötürülməsi və elmi dövriyyəyə daxil edilməsi məsələləri araşdırılıb, ədəbi irsin nəşr tarixi, mətnlərin yayılma və ötürülmə yolları, dil xüsusiyyətləri, eləcə də Azərbaycan-Osmanlı-Balkan ədəbi-mədəni əlaqələri kontekstində əhəmiyyəti diqqətə çatdırılıb.

Əlyazmalar İnstitutu Sarayevoda Türkiyədən 17 olmaqla, ümumilikdə 25 universitetin rektor və nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə də təmsil olunub. Görüşdə dosent X.Yusifova Əlyazmalar İnstitutunun tarixi, elmi fəaliyyət istiqamətləri, əlyazma irsinin qorunması və tədqiqi, rəqəmsallaşdırılması, habelə beynəlxalq əlaqələri barədə məlumat verib. O, həmçinin institutun təhsil və akademik əməkdaşlığın inkişaf etdirilməsinə verdiyi önəmdən, xarici universitet və elmi-tədqiqat müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi perspektivlərindən bəhs edib.

Beynəlxalq elmi tədbir çərçivəsində mühüm əməkdaşlıq addımlarından biri də Türkiyənin Tarsus Universiteti ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu arasında əməkdaşlıq memorandumunun imzalanması olub. Memorandum tərəflər arasında elmi və akademik əlaqələrin genişləndirilməsini, birgə tədqiqatların və elmi layihələrin həyata keçirilməsini, elmi təcrübə mübadiləsini, konfrans, simpozium və digər akademik tədbirlərin təşkilini təşviq etməyi nəzərdə tutur.

AzərTac

  • Paylaş: