Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin elm və ali təhsil müəssisələri ilə əməkdaşlığı daha da inkişaf etdirmək Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun 2026-2030-cu illəri əhatə edən 5 illik strateji inkişaf planında nəzərdə tutulan prioritet məsələlərdən biridir.
Bu fikri açıqlamasında Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev söyləyib. O bildirib ki, ŞƏT ölkələri ilə kimya sahəsində elmi-texnoloji əməkdaşlıq birgə tədqiqat layihələri, innovasiya və texnologiyaların transferi, yaşıl kimya təşəbbüslərinin reallaşdırılması istiqamətində həyata keçirilə bilər. Əməkdaşlığın inkişaf etdirilməsi üçün əsas yollardan biri “Yaşıl texnoloji dəhliz” və ekologiya proqramlarının reallaşdırılmasıdır: “Xüsusən ekoloji və davamlı kimya istiqamətində ŞƏT-in qəbul etdiyi “Yaşıl texnoloji dəhliz” proqramı çərçivəsində tullantısız istehsalat və ekoloji təmiz kimyəvi proseslərin tətbiqi ilə bağlı kifayət qədər fundamental və innovativ tədqiqatlar aparmaq mümkündür. Digər prioritet istiqamət alternativ enerji kimyası hesab olunur. Bununla əlaqədar qeyd etmək olar ki, hidrogen energetikası və batareya texnologiyaları üçün yeni nəsil materialların işlənməsi üzrə birgə tədqiqat layihələrinə qoşulmaq Kimya İnstitutu alimlərinin əsas hədəfləri sırasındadır. Çünki optimallaşma və strukturlaşma tədbirlərindən sonra Kimya İnstitutunda həm alternativ enerji və kimyəvi materialşünaslıq istiqamətlərində tədqiqat laboratoriyaları formalaşdırılıb. Bu laboratoriyalarda çalışan alimlərimizin sadalanan istiqamətlərdə böyük təcrübələri var. Onlar fərdi olaraq beynəlxalq tədqiqat qruplarına qoşularaq müştərək fundamental tədqiqatlar həyata keçirirlər və əldə etdikləri nəticələri nüfuzlu xarici jurnallarda 100-ə yaxın məqalə şəklində çap etdiriblər”.
Professor ŞƏT ölkələri ilə ayrı-ayrılıqda elmi əlaqələrin qurulduğunu, əməkdaşlığını inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, istər Çin, Pakistan, istər Rusiya, Belarus və ya Mərkəzi Asiya ölkələrinin bu və digər elmi və ali təhsil müəssisləri ilə əməkdaşlıq memorandumları imzalanıb və hətta beynəlxalq layihələr çərçivəsində fundamental elmi tədqiqatlar aparılır.
“Kimya İnstitutunda İnnovasiya və Texnoloji Transfer Ofisi yaradılıb. Düşünürük ki, bu ofisin iş mexanizminin yaradılmasında Çin–ŞƏT Elm, Texnologiya və İnnovasiya Əməkdaşlığı Mərkəzinin təcrübəsindən yararlanmaq Kimya İnstitutunun innovativ fəaliyyətinə böyük töhfə verə bilər”, - deyə alim qeyd edib. Onun fikrincə, gənc tədqiqatçılara verilən tapşırıq ondan ibarətdir ki, beynəlxalq qrant layihələrinə daha çox maraq göstərmək lazımdır: “Bir halda ŞƏT ölkələri yaxın üç il ərzində 100-ə yaxın birgə elmi-texnoloji layihə icra etməyi hədəfləyir. Kimya İnstitutunun alimləri innovativ kimya layihələri ilə bu proqramlarda mütləq iştirak edəcəklər”.
Əfsun Sucayev bildirib ki, yeni kimyəvi reagentlərin, nanomaterialların və katalizatorların sənayedə tətbiqi prioritet mövzularda birgə tədqiqatların aparılması Kimya İnstitutunun prioritet fəaliyyət istiqamətlərinə uyğundur: “Bu nöqteyi-nəzərdən ŞƏT ölkələri, xüsusilə Çin, Rusiya, Belarus və Pakistanın elm fondları tərəfindən ayrılan birgə qrant proqramlarında tərəfdaş qismində çıxış etməyi planlaşdırırıq”.