Yanvarın 13-də Akademiyanın Rəyasət Heyətinin binasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə müşavirə keçirilib.
Müşavirədə çıxış edən akademik İsa Həbibbəyli bu günlərdə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının və Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğinin artırılmasına görə AMEA-nın kollektivi adından ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Akademik İsa Həbibbəyli həmçinin Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Çinin Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei tərəfindən AMEA prezidentinə ünvanlanmış başsağlığı məktubunu diqqətə çatdırıb.
AMEA rəhbəri bildirib ki, 2024-cü ildə dövlət başçısının Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrdən irəli gələrək, dövlətimizin maraqlarını və müasir dünya elminin çağırışlarını nəzərə alaraq AMEA-da geniş tədqiqatlar aparılıb, Akademiyanın elmi bölmələri uğurlu fəaliyyət göstərib və bir sıra mühüm nəticələr əldə olunub. Diqqətə çatdırıb ki, yeniləşən Akademiyada həyata keçirilən islahatlar çərçivəsində başlıca prioritetlərdən biri olan e-elmin inkişafı istiqamətində uğurlu fəaliyyət davam etdirilib, beynəlxalq elmi təşkilatlarla əməkdaşlıq genişləndirilərək Azərbaycan elminin dünyadakı nüfuzu və maraqları qorunub. Həmçinin il ərzində alimlərimizin mühüm tədqiqatlarını əks etdirən nəşrlər, monoqrafiyalar ərsəyə gətirilib, təqdimat və sərgilər keçirilib.
AMEA-nın elmi bölmələrinin 2024-cü il üzrə hesabatlarının Rəyasət Heyətinin iclaslarında geniş şəkildə müzakirə ediləcəyini və ictimaiyyətə təqdim olunacağını bildirən akademik İsa Həbibbəyli hesabatların yüksək səviyyədə hazırlanması, ilin elmi nəticələrini əhatə edən sərgilərin təşkili ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Həmçinin “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin hazırlanması üzrə AMEA-nın elmi-tədqiqat müəssisələri tərəfindən verilmiş təkliflərin sistemləşdirilərək ilkin variantın Rəyasət Heyətinin müzakirəsinə təqdim olunması ilə bağlı tapşırıqlarını diqqətə çatdırıb.
Bundan əlavə, müşavirədə AMEA-nın 80 illiyinə hazırlıqla əlaqədar müzakirələr aparılıb.
Müzakirələrdə AMEA-nın vitse-prezidentləri akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, akademik-katib akademik Arif Həşimov, Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.