Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.02.2025 17:50
  • A-
  • A
  • A+

Professor Şəfəq Əlibəyli Moskva İslam İstitutunun tələbə və müəllim heyətinə məruzə oxuyub

Professor Şəfəq Əlibəyli Moskva İslam İstitutunun tələbə və müəllim heyətinə məruzə oxuyub

Nizami Muzeyinin müxtəlif ölkələrlə elmi və mədəni əməkdaşlıq əlaqələri çərçivəsində 2024-cü ilin mart ayında növbəti elmi əməkdaşlıq haqqında saziş imzalanıb. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov və Moskva İslam İnstitutunun rektoru, ilahiyyat elmləri doktoru, professor Damir Muhetdinovla əməkdaşlıq layihəsinə və birgə imzalanmış sənədə əsasən “Mədinə” nəşriyyat evinin “İslamın minarəsi”  jurnalının bir neçə nömrəsi Azərbaycan klassiklərinə həsr ediləcək. Artıq jurnalın ilk nömrəsi dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş və Nizami Muzeyində jurnalın təqdimatı keçirilib.

Moskva İslam İnstitutu ilə növbəti əməkdaşlığı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli gerçəkləşdirib. Şəfəq Əlibəyli “Nizami Gəncəvinin “Xəmsə” əsəri haqqında düşüncələr” mövzusunda tələbə və müəllim auditoriyası qarşısında onlayn məruzə edib.

Şərqşünas alim bildirib ki, Nizami Gəncəvi əbədiyaşar şair və mütəfəkkirlərdəndir. Hər zaman, hər bir nəsil Nizami poeziyasında öz dövrünə, öz ruhuna yaxın olan məqamları izləyə bilir. Nizami “Xəmsə”si öz mövzu rəngarəngliyi ilə yaşından, sənətindən asılı olmayaraq hər kəsi heyran edib. Nizami poeziyasının istər mövzu, istər ədəbi-bədii quruluş, istərsə də dil və üslub baxımından öz orijinal xüsusiyyətləri ilə fərqləndiyini açıqlayan Şəfəq Əlibəyli dahi şairin yaradıcılığından doğma dilimizdə və fars dilində poetik nümunələr səsləndirib.

Orijinal əsər və tərcümənin xüsusiyyətlərindən bəhs edən alim “Xəmsə”nin  tərcüməsindən söz açaraq qeyd edib ki, fars dilini bilməsi ona nəinki Nizami Gəncəvi yaradıcılığını, həmçinin klassik ədəbiyyat nümunələrini orijinaldan mütaliə etmək imkanı yaradıb.

Şəfəq Əlibəyli elmi mühazirəsi əsasında tələbələri maraqlandıran suallara aydınlıq gətirərək  cavablandırıb.

Maraqlı mühazirə, Şəfəq Əlibəyli ilə tələbələr arasında yaranan səmimiyyəti xüsusi dəyərləndirən Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin Moskva nümayəndəliyinin icraçı direktoru, Azərbaycan İlahiyyat İnstitutunun fəxri doktoru Səfa Kərimov belə mühazirələrin mütəmadi olmasını diləyib. Səfa Kərimov Moskva İslam İnstitutunun rəhbərliyi adından  gerçəkləşən layihə üçün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynova və professor Şəfəq Əlibəyliyə təşəkkürünü bildirib. Belə layihələrin və əməkdaşlığın davamlı olmasının həm Azərbaycan, həm də Rusiya tələbələri arasında qarşılıqlı fikir mübadiləsinin aparmaq imkanları yaradacağını qeyd edib.

Sonda gələcək layihələrdə, həmçinin beynəlxalq konfranslarda və elmi platformalarda Nizami Muzeyinin də təmsil olunması arzu olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: