Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov qonağa kitabxananın fəaliyyəti, elmi-informasiya resursları, nəşrləri və həyata keçirilən layihələr barədə məlumat verib. O, MEK-in müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində gördüyü işlərdən, elektron kitabxana xidmətlərinin genişləndirilməsindən, eləcə də zəngin fondun qorunması, sistemləşdirilməsi və oxucuların istifadəsinə təqdim olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Fazil Mustafa müasir dövrdə elektron kitabxanaların informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O, MEK-də yaradılan müasir elektron kitabxana infrastrukturunun, zəngin rəqəmsal resursların və innovativ xidmətlərin təqdirəlayiq olduğunu bildirib. Millət vəkili kitabxananın fəaliyyətində yenilikçi yanaşmanın, peşəkar və kitaba bağlı kollektivin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Sonda MEK-də müşahidə etdiyi yeniliklərin onda xoş təəssürat yaratdığını qeyd edib.
Görüş zamanı MEK direktoru Fazil Mustafaya kitabxananın fondunda yer alan və müxtəlif elm sahələrini əhatə edən nəşrləri hədiyyə edib.
Hədiyyə olunan nəşrlər arasında “Akademik İsa Həbibbəylinin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi şəxsi kolleksiyasının kataloqunun I cildi”, “Muzey və arxiv mənbəşünaslığı”, Mərkəzi Elmi Kitabxananın “İnformasiya bülleteni”, “Akademik Ziyad Səmədzadə” və “Əfzələddin Xaqani Şirvani 900” biblioqrafiyaları və “Rəqəmsal tədqiqat üsulları” dərs vəsaiti yer alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.