AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, Xəzər Universitetinin müəllimi, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli Özbəkistanın Nəvai şəhərində - Nəvai Dövlət Universitetində keçirilən “Əlişir Nəvai və Şərq renessansı” beynəlxalq simpoziumunda iştirak edib.
Böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin anadan olmasının 584 illiyinə həsr edilmiş simpoziumda iyirmi ölkədən gəlmiş nəvaişünas alimlər məruzə ilə çıxış ediblər. Konfransda yüzdən çox məruzə dinlənilib.
Professor Bədirxan Əhmədli “Əlişir Nəvai yaradıcılığı çağdaş Azərbaycan ədəbiyyatşünaslığı kontekstində” mözvzusunda məruzə etmiş və sualları cavablandırmışdır. Konfransın həm açılış iclasında, həm də şəhərdə Nəvainin heykəli önündə keçirilən geniş toplantıda da qonaqlar adından çıxış edərək Nəvai yaradıcılığını özbək, türk xalqları və dünya ədəbiyyatı kontekstində dəyərləndirmişdir. Çıxışlarında Nəvai və Azərbaycan mövzusuna da ayrıca yer verən professor Bədirxan Əhmədli onu “Nizaminin kiçik, Füzulinin böyük qardaşı” adlandırmış və Azərbaycanda Nəvai yaradıcılığı ilə bağlı araşdırmalardan, əsərlərinin tərcümələrindən, ona verilən yüksək dəyərdən bəhs etmişdir.
Konfransda professor Bədirxan Əhmədli Özbəkistanın “Mənəviyyat fədaisi” döş nişanı, sertifikat və plaketlə mükafatlandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.