Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Özbəkistan Respublikasının "Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri" Milli Tədqiqat Universiteti arasında elmi əməkdaşlığa dair Memorandum imzalanıb.
Özbəkistan Respublikasının adı çəkilən universitetinin nümayəndələri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda qonaq olublar. Onlar institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev ilə görüşüblər.
Görüş zamanı professor Əlövsət Quliyev universitetin elm və təhsil sahəsində qazandığı uğurları yüksək qiymətləndirərək onun təkcə Özbəkistanın deyil, eyni zamanda dünyanın aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələrindən biri olduğunu vurğulayıb. O, Azərbaycan Respublikasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun da bu sahədə aparıcı elmi-tədqiqat mərkəzi olduğunu qeyd edib və institutun bu il 80 illik yubileyini qeyd ediləcəyini bildirib.
Görüşün sonunda Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Milli Tədqiqat Universiteti "TİİİMSX" arasında elmi və akademik əməkdaşlığı genişləndirmək məqsədilə rəsmi memorandum imzalanıb. Sənəd qarşılıqlı faydalı əməkdaşlığın inkişafını, birgə elmi tədqiqatların həyata keçirilməsini, habelə su resurslarının idarə olunması, o cümlədən yeraltı kanallar (kəhizlər) ilə bağlı layihələrin işlənib hazırlanmasını nəzərdə tutur.
Səmimi və dostluq şəraitində keçən görüşün sonunda tərəflər bir-birinə dəyərli hədiyyələr təqdim ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.