Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı faciəsinin insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Faciə nəticəsində 613 nəfərin qətlə yetirildiyini, 1275 sakinin girov götürüldüyünü, 8 ailənin tamamilə məhv edildiyini, şəhərin xarabalığa çevrildiyini qeyd edib. O, xalqımıza qarşı törədilən qətliamın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, habelə Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıb.
Sonra institutun Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqı üçün sağalmaz yara olduğunu bildirib. O, günahkarların 33 il keçsə də beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılmadığını, Xocalı şəhidlərinin qisasının 28 il sonra 44 günlük Vətən müharibəsində alındığını, Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanının yerdə qalmadığını qeyd edib. 2023-cü il oktyabrın 15-dən Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağının dalğalandığını vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.