Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

MBBİ-də Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
26.02.2025 21:00
  • A-
  • A
  • A+

MBBİ-də Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Fevralın 26-da AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib.

Öncə tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova bildirib ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Tarixdə analoqu olmayan bu faciənin dəhşətli səhnələri hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridilməsi nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.

Xocalı soyqırımı erməni millətçilərinin iki yüz ildən artıq xalqımıza qarşı apardıqları soyqırım siyasətinin ən faciəli səhifələrindəndir. Akademik qeyd edib ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşub, Xocalıda soyqırıma məruz qalanların qisası döyüş meydanında alınıb. Bu gün Xocalı qatilləri artıq məhkəmə qarşısında öz əməllərinə görə cavab verirlər.

Akademik İradə Hüseynova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasından bəhs edib. Bu gün bütün dünyada yüz minlərlə insan və 115 təşkilat bu kampaniyanı dəstəkləyir. Akademik həmçinin faciənin miqyasının və dəhşətlərinin sənədləşdirilməsində mərhum jurnalist Çingiz Mustafayevin əvəzsiz xidmətlərini qeyd edib.

Daha sonra tədbirdə AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya üzrə elmlər doktoru Şahniyar Bayramov, biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayev çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, Xocalıda ermənilərin həyata keçirdiyi dəhşətli qətliam xalqımızın yaddaşından heç zaman silinməyəcək. Erməni qatilləri ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlar, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: