AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu (AAİ) və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Bələdçilər günü və Arxeoloji muzeydə bələdçilik mövzusunda tədbir keçirib.
Tədbir “İçərişəhər” Muzey Mərkəzi ilə AMEA AAİ-nin birgə Muzey Sərgi Zalının təqdim etmək, bələdçilər üçün infotur və elmi müzakirələr təşkil etmək məqsədi daşıyırdı.
AMEA AAİ-nin könüllü təcrübə proqramına həsr olunmuş tədbirdə müəssisənin elmi katibi tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova tədbirin əhəmiyyətini vurğulayıb və bələdçilərin, elmi və mədəniyyət sahəsinin mütəxəssislərinin bir araya gəlməsinin vacibliyini qeyd edib.
Daha sonra institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Zaur Həsənov müasir elmin tələblərinə uyğun olaraq arxeoloji tədqiqatların ictimailəşməsinin önəmini dilə gətirib.
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Yəhya Bayramov öz çıxışında bələdçilərin abidələr haqqında məlumatlılığının artırılması, abidələrin tədqiqi və onlar haqda məlumatın bələdçilərə ötürülməsi, “İçərişəhər” Muzey Mərkəzinin şöbə müdiri müavini Pərvin Niftəliyeva isə bələdçilərlə dinamik əməkdaşlığın vacibliyini qeyd ediblər.
AMEA AAİ-nin əməkdaşı və proqram üzrə koordinatoru Günel Vəliyeva könüllülərin proqrama cəlb olunması və bu təşəbbüsün həm muzey işinin təşkilində və həm də gənclərin elmə marağının artırılmasında rolundan söz açıb.
Sonra AMEA AAİ-nin aparıcı elmi işçisi t.ü.f.d. Pərviz Qasımov “Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda aparılan arxeoloji qazıntılar haqda ilkin məlumat” mövzusunda təqdimatla çıxış edib. Vizual elektron təqdimatla müşayiət olunan çıxışında P.Qasımov institut tərəfindən 3 ildə işğaldan azad olunmuş ərazilərdə aparılan arxeoloji qazıntılardan söz açaraq bildirib ki, abidələr tədqiq edildikcə ziyarətçilərin üzünə açıq olacaq. Bu isə daxili və xarici turizmin inkişafına böyük imkanlar yaradacaqdır.
Arxeologiya və Antropologiya İnstitutunun professoru Hidayət Cəfərov Sərgi Zalının tarixi haqda məlumat verib.
AMEA AAİ Elmi Fond və Ekspozisiya şöbəsinin müdiri vəzifəsini icra edən Orxan Zamanov Muzey Sərgi Zalında elan olunmuş “Könüllü təcrübəsi” üzrə bələdçilik kursu və könüllülük təcrübəsi proqramının təqdimatı barədə geniş məlumat verib.
Tədbirin sonunda “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruq İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi ilə AMEA AAİ-nun ortaq Muzey Sərgi Zalının təqdimatı keçirilib, Muzey Sərgi Zalında yenilənmiş ekskursiya mətni əsasında infotur təşkil edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.