Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2025 11:39
  • A-
  • A
  • A+

Rəvan Mehdiyevanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Rəvan Mehdiyevanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda İnstitutun icraçı direktoru, dosent Rəvan Mehdiyevanın 70 illik yubileyinə həsr olunmuş “Mənalı ömrün həyat hekayələri” adlı tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının himni səslənmiş və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan baş direktor AMEA-nın müxbir üzvü İslam Mustafayev 1978-ci ildən, Bakı Dövlət Universitetini bitirdikdən sonrakı həyatını Radiasiya Problemləri İnstitutu ilə bağlayan Rəvan Mehdiyevanın institutdakı fəaliyyətinin yol xəritəsi haqda məlumat vermişdir. O, baş laborant vəzifəsindən icraçı direktor vəzifəsinə qədər yüksələn R.Mehdiyevanın institutdakı elmi, elmi-təşkilat və ictimai fəaliyyətini yüksək qiymətləndirmiş, onu yüksək idarəçilik qabiliyyətinə malık, vətənpərvər, dövlətçiliyə sadiq, təəssübkeş, ünsiyyətdə səmimi və ailə dəyərlərinə yüksək qiymət verən bir alim xanım kimi dəyərləndirmişdir.

İnstitutun laboratoriya rəhbəri, professor Elmxan Cəfərov R.Mehdiyevanın həyatı və elmi fəaliyyəti haqda məruzə etmiş, geniş elmi dünyagörüşə, yüksək ixtisas hazırlığına malik olan R. Mehdiyevanı istər elmi katib, istərsə də elmi işlər üzrə direktor müavini kimi çalışdığı illərdə qarşısında duran vəzifəni uğurla yerinə yetirən, savadlı fizik tədqiqatçı, yüksək idarəçilik qabiliyyətinə malik, zəhmətkeş və intizamlı bir alim kimi səciyyələndirmişdir.

İnstitutun keçmiş direktorları akademik Adil Qəribov, AMEA-nın müxbir üzvü Oqtay Səmədov R.Mehdiyevanın institut əməkdaşların elmi işinin səmərəli və məzmunlu qurulması üçün bütün bilik və bacarığını sərf etməsi, elmi kadrların hazırlanması sahəsində fəal iştirakı, institutun müxtəlif ölkələrin elmi qurumları ilə əlaqələrinin yaranmasında gördüyü işlər, institutda keçirilən konfransların əsas təşkilatçısı olması haqda fikirlərini söyləmişlər.

İnstitut əməkdaşları fizika-riyaziyyat elmləri doktorları, professor Rəhim Mədətov və Rövşən Xəlilov, 200-ə yaxın elmi məqalə və 12 patentin müəllifi olan Mehdiyevanı radiasiya materialşünaslığı elmi istiqamətində novator alim, radiasiyaya davamlı material kimi kosmik texnikada və nüvə texnologiyasında geniş tətbiq sahəsinə malik olan nanosilisium və onun oksidli birləşmələrinin neytron şüalarının təsiri altında fiziki xassələrində baş verən dəyişikliklərin geniş tədqiqatçısı, radiasiyaya davamlılığın artırılması yollarını araşdıran, bu sahədə mühüm nəticələr əldə edən bir alim və elmi işlərin bacarıqlı təşkilatçısı olmasından danışmışlar. Kimya elmləri doktoru, professor Müslüm Qurbanov Mehdiyevanın elmi fəaliyyətinə həsr etdiyi şeiri oxumuşdur.

Fizika elmləri doktoru Nüşabə Hacıyeva R.Mehdiyevanın institut Qadınlar Şurasının sədri kimi fəaliyyətindən, qadınların ən yaxın müdafiəçisi olmasından danışmış, institut qadınları adından yubilyarı təbrik etmişdir.

İnstitutun ən gənc elmlər doktoru, professor Elçin Hüseynov elmi rəhbəri olmuş R.Mehdiyevanın gənc əməkdaşlara göstərdiyi qayğıdan, doktorantların elmi fəaliyyətləri zamanı tutduğu ədalətli və prinsipial mövqeyindən danışmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: