Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2025 14:54
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyində “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının təqdimatı olub

Ədəbiyyat Muzeyində “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının təqdimatı olub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, incəsənət sahəsinin tanınmış simaları, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə muzeyin direktoru akademik Rafael Hüseynov açaraq “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının nəşrini mədəniyyət sahəsinin mühüm hadisəsi kimi dəyərləndirib. Alim kitabda altı müstəqil türk dövlətinin musiqi irsinin geniş şəkildə əks olunduğunu bildirib, nəşrin Türk dünyasının birliyinə, həmrəyliyinə töhfə olduğunu vurğulayıb.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki çıxışı zamanı səsləndirdiyi “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, - sözlərini xatırladıb. Akademik Rafael Hüseynov bildirib ki, dövlətimizin başçısı türk xalqlarının oxşar milli irsinə, dəyərlərinə, mental xüsusiyyətlərinə həm də güclü ideoloji-siyasi amil kimi yanaşır. Hazırda Prezident İlham Əliyevin Türk dünyasının prioritetliyi haqqındakı çağırışlarının işığında Türk ölkələri ilə əməkdaşlıq əlaqələri bütün sahələr üzrə daha da genişləndirilib.

Türk xalqlarının eyni kökə, mədəniyyətə, qədim tarixə və ənənələrə malik olduğunu söyləyən direktor türkçülük məfkurəsinin Türk dünyasını birləşdirən əsas amil olduğunu vurğulayıb. O, ictimaiyyətə təqdim olunan kitabda çoxsaylı elmi mənbələr əsasında türkdilli xalqlar arasında ən geniş yayılmış 104 ənənəvi musiqi aləti haqqında dəyərli məlumatların toplandığını bildirib.

Akademik Rafael Hüseynov musiqi alətlərini öyrənən elm sahəsi olan orqanologiyanın Azərbaycanda inkişaf tarixindən də danışaraq, qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsində Məcnun Kərimov və digərlərinin xidmətlərini xüsusi qeyd edib.

“Dahi şair Nizami Gəncəvinin əsərlərində 20-ə yaxın musiqi alətinin adı çəkilib. Həmçinin  Füzulinin, Nəsiminin, Xaqaninin poemalarında, qəzəllərində xalq çalğı alətlərindən bəhs olunub, Qobustandakı qayaüstü rəsmlərdə və miniatür məktəbi rəssamlarının əsərlərində isə onların təsvirləri verilib”, - deyə bildirən alim vurğulayıb ki, Azərbaycan dünyanın ən qədim çalğı alətlərinin mövcud olduğu mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan mədəniyyəti rəngarəng, zəngin və istiqamətvericidir.

Akademik Rafael Hüseynov nəşrin təqdimatının Azərbaycanın əsas söz mərkəzi sayılan Ədəbiyyat Muzeyində keçirilməsinin önəmini qeyd edib. O, kitabda alətlərin mərhələli inkişaf tarixi, morfologiyası, konstruksiya və texniki xüsusiyyətləri, habelə məişətdə, orkestr və ansambl tərkibində ifaçılıq imkanlarından bəhs edildiyini diqqətə çatdırıb.

Bildirilib ki, “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabı Ədəbiyyat Muzeyinin dəstəyi ilə Türk Mədəniyyəti və İrsi Fondu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlığı çərçivəsində nəşr olunub. Kitabın layihə rəhbərləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, millət vəkili Günay Əfəndiyevadır.

O, belə bir kitabın ərsəyə gəlməsinin Türk dünyasının beyin mərkəzlərinin birgə əməkdaşlığının bariz nümunəsi olduğunu deyərək, gələcəkdə də yeni layihələrdə birgə araşdırmalar aparılmasının vacibliyini vurğulayıb.

Sonra çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk dünyasının mədəni dəyərlərinin qorunması, bərpası və təbliği istiqamətində rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən beynəlxalq səviyyəli layihələr və görülən işlər barədə danışıb.  O, ictimaiyyətə təqdim edilən “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının elmi və mədəni baxımdan əhəmiyyətini vurğulayıb, bu cür təşəbbüslərin Türk dünyasının musiqi irsinin daha geniş tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verdiyini söyləyib.

Daha sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, millət vəkili Günay Əfəndiyeva çıxış edərək layihənin əsas məqsədinin zəngin türk musiqisinin yaşadılmasına, gələcək nəsillərə ötürülməsinə və müxtəlif dilli auditoriyalara çatdırılmasına töhfə vermək olduğunu bildirib. Qeyd edib ki, qədim türk musiqi alətləri türk xalqlarının ulu keçmişinin yadigarlarıdır. Keçmişdən günümüzə kimi gəlmiş saz, qopuz, domra, kaman, davul, zurna və digər doğma musiqi alətləri türk xalqlarının ruhunu təcəssüm etdirən müştərək dəyərlərdir. Onlar nəsillər arasında mənəvi körpü rolunu oynayır.

Günay Əfəndiyeva dörd dildə - Azərbaycan, türk, rus və ingilis dillərində oxuculara təqdim olunan nəşrdə Azərbaycan muğamı, musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənəti barədə də məlumatların yer aldığını bildirib.

Kitabın “Ön söz”ünün müəllifi professor Fərhad Bədəlbəyli çıxış edərək qeyd edib ki, “Türkdilli ölkələrin milli musiqi alətləri” layihəsinin ideyası 17 aprel 2023-cü il tarixində bağlanmış memorandum çərçivəsində həyata keçirilib. Ölkə Prezidenti İlham Əliyev müxtəlif beynəlxalq Zirvə görüşlərindəki çıxışlarında ortaq tarixə, mədəniyyətə və etnik köklərə malik türkdilli dövlətlər arasında əməkdaşlığın vacibliyini dəfələrlə vurğulayıb. Bu məqsədlə 2012-ci ildə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yaradılıb. Fondun sayəsində məqsədyönlü strategiyanın uğurlu davamı olmaqla yanaşı, musiqi mədəniyyətimizin ortaqlığının təsdiqi olan “Türkdilli ölkələrin milli musiqi alətləri” atlası işıq üzü görüb. O, bu layihənin türk birliyinin möhkəmləndirilməsinə, türkdilli xalqların zəngin ənənəvi musiqi mədəniyyətinin araşdırılmasına dəstək olacağına əminliyini bildirib.

Mərasimdə, həmçinin Türkiyənin Osmaniyə Korkut Ata Universiteti Memarlıq, dizayn və incəsənət fakültəsinin baş müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Meysər Kaya və Üzeyir Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru professor Gülnaz Abdullazadə layihə ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin bədii hissəsində Türk musiqi dünyasının inciləri ifa olunub. Munis Şərifovun rəhbərlik etdiyi “Azərbaycan qədim musiqi alətləri ansamblı”nın təqdim etdiyi “Əbdülqadir Marağayinin bəstəsinə kompozisiya” və digər musiqi nömrələri, eləcə də tanınmış opera müğənnisi, Əməkdar artist Ramil Qasımovun ifasında Üzeyir Hacıbəylinin “Sənsiz” romansı, Beynəlxalq müsabiqələr laureatı Nigar Cəfərovanın ifa etdiyi Fikrət Əmirovun “Azərbaycan elləri” mahnısı alqışlarla qarşılanıb.

Təqdimat mərasimi azərbaycanlı və qazax musiqiçilərinin dombra, şankobız və jetıqen çalğı alətlərində “Aday” - döyüşkən qazax tayfası barədə olan kompozisiyanın ifası ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: