Bu gün aydın olur ki, Azərbaycan fəlsəfəsində Kantı və Hegeli öyrənməklə heç də iş bitmir. Hazırda əsas məsələlərdən biri süni intellektin fəlsəfəsidir və rəqəmsal sosiologiyadır. Fəlsəfə və Sosiologiya İnstitutunda yeni ideyalar yaranır və yanaşmalar inkişaf edir.
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi həm də Fəlsəfə və Sosiologiya İnstitutunun yubileyidir. Akademiyanın ilk institutları sırasında Fəlsəfə İnstitutu da olub.
Bu barədə AzərTac-a müsahibəsində AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə söyləyib.
Professor İlham Məmmədzadə bildirib ki, rəhbəri olduğu institutun qarşısında duran əsas məsələlərdən biri süni intellektin cəmiyyət həyatında rolundan irəli gəlir: “Əsas məsələlərdən biri süni intellektin fəlsəfəsidir və rəqəmsal sosiologiyadır. Bu iki məsələ bizim üçün çox önəmlidir. Fikrimcə, bu, təkcə fəlsəfə və sosiologiya üçün deyil, ümumilikdə elmin inkişafı, cəmiyyətin şüurunun dərinləşməsi və genişlənməsi ilə bağlı olan məsələlərdir”.
İnstitutun direktoru bildirib ki, digər mühüm məsələ görülən işlərin və aparılan tədqiqatların azərbaycançılıq ideologiyası ilə bağlı olmasının zəruriliyidir: “Fəlsəfə və sosiologiya elmləri həm də ideoloji məsələlərlə sıx bağlıdır; deməli, təbliğatla, tədqiqatla birləşdirilmə prosesləri getməlidir və bu işlərlə bizim institut məşğuldur. 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli”dir və bu mövzulara biz diqqət yetiririk. Xatırladım ki, 2024-cü il milli ideya ili bağlı idi. Milli ideya həmrəyliyi, cəmiyyətin milli şüurunun inkişafını, habelə ekoloji şüuru, eləcə də fəlsəfənin və sosiologiyanın digər istiqamətlərini ehtiva edir. Söhbət təkcə sosiologiyadan deyil, rəqəmsal sosiologiyadan gedir. Lakin məsələ bununla da bitmir. Söhbət həm də rəqəmsal şüurun, süni intellektin fəlsəfənin predmetlərinə təsirindən gedir. Çalışırıq ki, bu məsələdə fəlsəfəmiz və sosiologiyamız ön planda olsun.
İnstitutumuzda daxili imkanlar və mövcud ştat vahidi hesabına yeni şöbələr yaradılıb, bəzi şöbələrin adında isə qismən dəyişiklik edilib. Yeni şöbələrdən biri Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq şöbəsidir. Bu məsələlərdə biz çalışırıq ki, eyni zamanda, qonşu dövlətin ideologiyasını bilək, onun zəif və güclü tərəfini ölçə bilək. Bu işlər etnofəlsəfəni və etnososiologiyanı müəyyən mənada praktikaya yaxınlaşdırır”.
Qeyd edək ki, Fəlsəfə və Sosiologiya İnstitutunda İnformasiya cəmiyyəti və rəqəmsal inkişaf fəlsəfəsi (adı qismən dəyişib) şöbəsi, Beynəlxalq münasibətlər və geosiyasət şöbəsi, İslam fəlsəfəsi və dinşünaslıq (adı qismən dəyişib), Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsi, Fəlsəfi hüquqi təlimlər və suverenlik şöbəsi də yaradılıb.
Professor İlham Məmmədzadə diqqətə çatdırıb ki, əvvəllər fəlsəfə yalnız universal elm kimi başa düşülürdü. Bu gün isə zamanın tələbinə uyğun olaraq bizə həm milli fəlsəfə, həm də milli sosiologiya lazımdır. Bu, universal elmin inkarı deyil. Bu, universal elmin və Azərbaycan elminin toqquşmasıdır, birləşməsidir, bir-birinə təsiridir və s.
“Vaxtilə Qərb fəlsəfəsini öyrənməklə iş bitmiş hesab olunurdu. Vaxtilə Azərbaycan fəlsəfəsi kantşünaslıqla, hegelşünaslıqla, ideologiya ilə məşğul idi. İndi isə aydın olur ki, Kantla və Hegellə bu işlər bitmir. Aydındır ki, biz öz şüurumuzu da öyrənməli və təhlil etməliyik. Şüura təsir də etməliyik. Təsiri də öyrənmək lazımdır. Bunu ona görə öyrənməliyik ki, təkcə biz yox, bütövlükdə dünya insanın şüuruna təsir edir. Bu şüura rəqəmsallıq təsir edir, onun müsbət və mənfi tərəfləri var. Fikrimcə, bunların hamısını öyrənmək nəinki fəlsəfənin və sosiologiyanın işidir, bütövlükdə bəlkə də AMEA-nın əsas məsələsidr”, - deyə filosof alim vurğulayıb.
İnstitutun direktoru AMEA-da həyata keçirilən islahatlara, yenilənmə prosesinə də diqqət çəkib. O, qeyd edib ki, faktiki olaraq AMEA özündə ictimai və humanitar elmləri cəmləşdirir. Bu, AMEA qarşısında yeni vəzifələr qoyur: “Amma bu müasirlik fəlsəfənin və sosiologiyanın fundamental elmlərlə fənlərarası tədqiqatlar aparmasını heç də inkar etmir. Məsələn, mən süni intellekt fəlsəfəsi istiqamətində tədqiqat aparıram. Süni intellekt fəlsəfəsi faktiki olaraq beyin və şüur arasında təhlillər aparır. Bir tərəfdən beyin anlamı bizə biologiyadan, neyrofiziologiyadan gəlir, - bununla bioloqlar məşğul olurlar. Bizim institut isə şüurla məşğuldur. Şüur və beyin - onların əlaqəsi necə öyrənilməlidir? Belə çıxır ki, biologiyasız bunu dərk etmək mümkün deyil, digər tərəfdən biologiya da fəlsəfənin köməyi olmadan çətin ki, insan beynini, yaddadşını araşdırsın. Bütövlükdə, insan beyni və şüur məsələsinə bir kontekstdə yanaşılmalıdır”.
Professor qarşıda duran vacib məsələlərdən birinin də Azərbaycan fəlsəfəsinin dünyada təbliği olduğunu söyləyib. “İnstitutumuzun əməkdaşlarının məqalələri “Scopus” və “Web of Science” bazalarına aid jurnallarda çap olunur. Biz çalışırıq ki, belə tanınmış jurnallarda Azərbaycanın fəlsəfəsi və rəqəmsal sosiologiyası əks olunsun. Bəzən böyük çətinliklərlə qarşılaşsaq da, onları dəf etməyə çalışırıq”.
Direktor Fəlsəfə və Sosiologiya İnstitutunun AMEA-nın 80 illiyi çərçivəsində yeni nəşrlər, tədqiqatlar ərsəyə gətirəcəyini, konfranslar, seminarlar keçirəcəyini, bu tədbirlərdə xarici alimlərin də iştirak edəcəyini söyləyib.
“Ümumilikdə, Fəlsəfə və Sosiologiyalar İnstitutunda yeni ideyalar yaranıb, yanaşmalar inkişaf edir və çalışırıq ki, onlar, necə deyərlər, tükənməsin”, - deyə professor İlham Məmmədzadə fikrini yekunlaşdırıb.