Azərbaycanın çoxəsrlik zəngin mədəniyyət tarixinə nəzər salsaq, milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində kitabxanaların əvəzedilməz rolunu aydın görərik. Bu müqəddəs elm məbədlərinin inkişafı, müasir dövrün tələblərinə uyğun yenidən qurulması və dövlət qayğısı ilə əhatə olunması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər kitabxananı xalq, millət və cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik və zəka mənbəyi hesab edirdi. Onun kitabxanaya verdiyi bu ali qiymət Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövlət siyasətinin ana xəttini təşkil etmişdir.
Ulu Öndərin hələ keçmiş SSRİ dövründə Azərbaycana rəhbərliyi illərində kitabxana quruculuğu sahəsində inqilabi addımlar atılmışdır. Məhz 1969-1982-ci illər ölkəmizdə kitabxana şəbəkəsinin ən yüksək inkişaf mərhələsi kimi tarixə düşmüşdür. Həmin dövrdə ölkə rəhbərinin birbaşa diqqəti sayəsində dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlər dəfələrlə artırılmış, 1100-dən çox yeni kitabxana binası tikilərək xalqın istifadəsinə verilmişdir. Heydər Əliyev təkcə binaların tikilməsi ilə kifayətlənmir, həm də bu ocaqların ixtisaslı kadrlarla təmin olunmasına xüsusi önəm verirdi. Məhz onun göstərişi ilə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsi genişləndirilmiş, kənd rayonlarından olan gənclərin bu ixtisasa qəbulu artırılmışdı.
Bu sözləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov mayın 5-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda keçirilən II respublika konfransında çıxışı zamanı deyib.
Qeyd edib ki, 1970-80-ci illərdə Elmlər Akademiyasının fəaliyyətində baş verən böyük dəyişikliklər, maddi-texniki bazasının əsaslı surətdə yaxşılaşdırılması onun inkişafına böyük təsir göstərmiş, Akademiyanın bütün strukturlarının işində böyük irəliləyişlər baş vermişdi. Göstərilən illərdə Akademiyanın çox mühüm elmi bazası olan Elmi Kitabxananın işində də böyük canlanma baş vermiş, kitabxana nəinki respublikanın, həmçinin keçmiş SSRİ-nin ən böyük elmi kitabxanası səviyyəsinə yüksəlmişdi. Belə bir faktı da qeyd etmək yerinə düşər ki, həmin illərdə Akademiya kitabxanası həm respublikamızda, həm də keçmiş ittifaq miqyasında ilk dəfə olaraq Akademiya kitabxana şəbəkəsini mərkəzləşdirməyə nail olmuşdur.
Onun sözlərinə görə, 1973-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının 50 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi isə uzaqgörən rəhbərin milli sərvətimiz olan kitaba və kitabxanaya verdiyi dəyərin bariz nümunəsi idi.
Alim bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkənin çətin günlərində yenidən hakimiyyətə qayıdan Heydər Əliyev kitabxanalarımızı məhv olmaq təhlükəsindən xilas etdi. 90-cı illərin ortalarında başlanan kütləvi özəlləşdirmə dalğasında kitabxana binalarının zəbt edilməsinin, qiymətli fondların dağıdılmasının qarşısını məhz Ulu Öndərin qətiyyəti aldı. Onun imzaladığı fərmanlarla kitabxanaların özəlləşdirilməsi qəti qadağan edildi. 1998-ci ildə ölkə tarixində ilk dəfə “Kitabxana işi haqqında” Qanunun qəbul edilməsi bu sahənin hüquqi bazasını möhkəmləndirdi.
Direktor Hüseyn Hüseynovun sözlərinə görə, Ulu Öndərin Azərbaycan kitabxanalarının flaqmanı olan Milli Kitabxanaya münasibəti isə xüsusi ehtiramla seçilirdi. On illik prezidentliyi dövründə Milli Kitabxanaya dörd dəfə tarixi səfər edən dahi şəxsiyyət, hər dəfə bu astanadan keçərkən böyük qürur duyduğunu vurğulayırdı. Onun Milli Kitabxananın binasının yenidən qurulması, fondunun zənginləşdirilməsi və ona yüksək status verilməsi ilə bağlı verdiyi tapşırıqlar bu gün Milli Kitabxananın dünya standartları səviyyəsində fəaliyyət göstərməsinə zəmin yaratmışdır.
“Bu gün Ümummilli Liderin kitab və kitabxana sahəsindəki mütərəqqi ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin latın qrafikalı ədəbiyyatın kütləvi nəşri, kitabxanaların maddi-texniki bazasının modernləşdirilməsi ilə bağlı imzaladığı sərəncamlar bu sahəni yeni inkişaf mərhələsinə daşımışdır. AMEA Mərkəzi Elmi Kitabxanası üçün 28 min kvadrat metrlik müasir binanın inşası və bu möhtəşəm binanın açılışında dövlət başçısının şəxsən iştirak edərək ilk oxucu biletini alması, ölkəmizdə intellektual mülkiyyətə və kitab mədəniyyətinə verilən ən ali dəyərdir. Heydər Əliyev tərəfindən təməli qoyulan bu uca yol, bu gün Azərbaycanın gələcək inkişafının və milli yaddaşımızın qorunmasının ən etibarlı təminatçısıdır.
Mərkəzi Elmi Kitabxana olaraq biz də Ümummilli Liderin həyat və fəaliyyətini hər zaman böyük ehtiramla diqqətdə saxlayırıq. Təməli 2003-cü ildə “Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası” kimi qoyulan və bu gün “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi” olaraq fəaliyyət göstərən şöbəmizdə Ulu Öndər, Azərbaycan dövlətçiliyi, cənab Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini özündə əks etdirən zəngin ədəbiyyatlar toplanır, ənənəvi və rəmsal formada oxucuların istifadəsinə verilir. Şöbənin nəzdində 2021-ci ildən başlayaraq respublika kitabxanaları içərisində bir ilk olan “Heydər Əliyev lektoriyası”da fəaliyyətdədir.
Kitabxanamızda Ulu Öndər Heydər Əliyevin çoxşaxəli siyasi irsinin tədqiqi, təbliği və biblioqrafik informasiya təminatı istiqamətində bir sıra nəşrlər də işıq üzü görüb. Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan elmi”, 2013-cü il Ümummilli Liderin 90 illik yubileyinə həsr olunmuş 2 cildlik “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin elmi-biblioqrafık göstəricisi, 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində “Görkəmli dövlət xadimi Heydər Əliyev: biblioqrafik göstərici”, Ümummilli Lider Heydər Əliyevin müdrik kəlamlarından ibarət (Azərbaycan və ingilis dillərində) “Ümummilli Lider Heydər Əliyev: müdrik kəlamlar” adlı audiokitab və digər nəşrlər hazırlanıb. Bundan başqa, Mərkəzi Elmi Kitabxananın Sərgi zalında Ulu Öndərin zəngin həyat və fəaliyyətini özündə əks etdirən çoxsaylı ədəbiyyatların toplandığı daimi sərgi nümayiş olunmaqdadır”, - deyə direktor diqqətə çatdırıb.
Sonda məruzəçi Ümummilli Lider Heydər Əliyevin yubiley illəri münasibətilə Mərkəzi Elmi Kitabxanada bir beynəlxalq, üç respublika konfransın böyük uğurla keçirildiyini qeyd edərək respublika konfranslarının sayca dördüncüsü olan bugünkü konfransın da uğurla nəticələnəcəyinə əminliyini ifadə edib, konfransın işinə uğurlar hər arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.