Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.05.2026 12:02
  • A-
  • A
  • A+

LİDAR cihazıyla təchiz olunmuş PUA vasitəsi ilə Qarabağda kurqanların tədqiqi mövzusu üzrə təlim keçirilib

LİDAR cihazıyla təchiz olunmuş PUA vasitəsi ilə Qarabağda kurqanların tədqiqi mövzusu üzrə təlim keçirilib

Azərbaycan Elm Fondu tərəfindən maliyyələşən “Qarabağın dəmir dövrü kurqanları: Füzuli rayonu Yedditəpə abidəsi və ətraf ərazilərin arxeoloji tədqiqi” adlı layihənin (№ AEF-MQM-QA-3-2025-3(56)-7274) rəhbəri AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Zaur Həsənov və layihə üzvü institutun elmi əməkdaşı Nərmin Məmmədli Azərbaycanın “Bimex” və Çinin DJI şirkətləri tərəfindən təşkil olunmuş təlimdə iştirak ediblər.

Rəqəmsal texnologiyaların Qarabağın arxeoloji tədqiqatlarında tətbiqinin genişləndirilməsi məqsədilə aprel ayının son günlərində ixtisaslaşdırılmış təlim təşkil olunmuşdur. Təlim RTK modul ilə təchiz olunmuş PUAların idarə edilməsi, ortofoto planlarının hazırlanması, 3D modelləşdirmə prosesləri, multispektral və termal kameralarla təchiz olunmuş PUAların idarə edilməsi və onlardan alınan məlumatların emal edilməsini əhatə etmişdir. Həmçinin, LİDAR cihazı ilə təchiz olunmuş PUAların vasitəsi ilə sıx və hündür bitki örtüyü olan ərazılərdə topoqrafik planların çıxarılması təlimi keçirilmişdir. Alimlərin əldə etdikləri bilik və bacarıqlar layihənin növbəti mərhələlərində rəqəmsal metodların daha effektiv tətbiqinə imkan yaradacaqdır.

Layihənin əsas məqsədi Qarabağın Dəmir dövrünə aid kurqanlarının və onların ətrafında yerləşən yaşayış yerlərinin Coğrafi İnformasiya Sistemləri (GIS) vasitəsilə öyrənilməsi və bu abidələrin rəqəmsal xəritələrinin hazırlanmasıdır. Bu yanaşma kurqanlar və yaşayış yerlərinin harada və hansı şəraitdə yerləşdiyini daha aydın göstərməyə, onların təbii mühitlə əlaqəsini anlamağa imkan verir. Eyni zamanda, bu məlumatlar gələcəkdə yeni arxeoloji abidələrin aşkar edilə biləcəyi ərazilərin müəyyən olunmasına yardım edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: