Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İsa Həbibbəyli: “Süni intellekt və yeni texnologiyalar elmi və informasiya mühitində yeni yanaşmalar tələb edir”
05.05.2026 17:00
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli: “Süni intellekt və yeni texnologiyalar elmi və informasiya mühitində yeni yanaşmalar tələb edir”

Müasir dövrdə rəqəmsal cəmiyyətin sürətli inkişafı, Dördüncü Sənaye İnqilabının çağırışları, süni intellekt və yeni texnologiyalar elmi və informasiya mühitində yeni yanaşmalar tələb edir. Bu baxımdan AMEA-da struktur dəyişikliklərinin aparılması, o cümlədən müvafiq bölmələrin rəqəmsal inkişaf və süni intellekt istiqamətində yenidən təşkili dövrün tələblərindən irəli gəlir.

Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli mayın 5-də Mərkəzi Elmi Kitabxanada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II respublika elmi konfransında çıxışı zamanı deyib.

Son illərdə Akademiyada həyata keçirilən yeniləşmə islahatlarının əsas istiqamətlərindən birini elektron hərəkat, rəqəmsallaşma və süni intellektin təşkil etdiyini deyən akademik İsa Həbibbəyli həyata keçirilən tədbirlər nəticəsində AMEA-nın Elektron Arxitekturasının formalaşdırıldığını diqqətə çatdırıb.

AMEA rəhbəri qeyd edib ki, hazırda Akademiyada ölkə üzrə sənədlərin qəbulu və göndərilməsi elektron formada, Elektron sənəd dövriyyəsi vasitəsilə keçirilir. Həmçinin elektron kitabxana quruculuğu istiqamətində Mərkəzi Elmi Kitabxanada elektronlaşdırma işi sürətlə davam etdirilir. Bundan əlavə, AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsində Elektron Arxiv quruculuğuna başlanıldığını, əməkdaşların bu istiqamətdə təcrübəyə göndərildiyini söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: