Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.09.2026 23:20
  • A-
  • A
  • A+

Süni intellektdən asılılıq insan təfəkkürünü zəiflədir

Süni intellektdən asılılıq insan təfəkkürünü zəiflədir

Süni intellekt texnologiyalarının sürətli inkişafı insanların gündəlik həyatına, təhsilinə və elmi fəaliyyətinə təsir göstərməkdə davam edir. Bu texnologiyalardan məlumat axtarışı, müəyyən məsələlərin dəqiqləşdirilməsi və müxtəlif sahələr üzrə ilkin məlumat əldə etmək üçün geniş istifadə olunsa da, mütəxəssislər süni intellektdən həddindən artıq istifadənin insanın müstəqil düşünmə qabiliyyətinə mənfi təsir göstərə biləcəyini bildirirlər.

Xüsusilə tələbələrin elmi iş, məqalə, magistr və doktorluq dissertasiyalarının hazırlanmasında süni intellektə tam şəkildə etibar etməsi müzakirə olunan məsələlərdəndir. Alimlər hesab edirlər ki, süni intellekt insan təfəkkürünü və elmi araşdırmanı tam əvəz edə bilməz, ondan yalnız köməkçi vasitə kimi istifadə olunmalıdır.

Fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli Crossmedia.az-a açıqlamasında bildirib ki, süni intellektə hər an müraciət etmək və ondan asılı vəziyyətə düşmək mənfi nəticələrə səbəb ola bilər:

“Əlbəttə, süni intellektə hər an müraciət etmək və ya ümumiyyətlə süni intellektdən asılı vəziyyətə düşmək çox mənfi haldır. Süni intellekt özü mövcud bazalar əsasında fikir və mülahizələr irəli sürür. Əgər hər hansı bir məsələ və ya problemlə bağlı elmi-intellektual baza yoxdursa, süni intellekt heç nə edə bilməz.

O, sadəcə bu bazaların əsasında müəyyən tövsiyə və fikir irəli sürür. Hətta özü də vurğulayır ki, bu cavablar əsas götürülə bilməz. İnsan özü məsələnin mahiyyətindən çıxış etməli və elmi dəqiqləşdirmələr aparmalıdır.

Süni intellektdən həddindən artıq istifadə etmək insanı passivləşdirir, onun təfəkkür qabiliyyətini zəiflədir və onu asılı vəziyyətə gətirib çıxarır. Bu baxımdan, süni intellektdən faydalanmaq olar, lakin ondan asılı olmaq və yalnız ona əsaslanmaq doğru deyildir.

Çox təəssüf ki, bu problem nəinki gənc nəsil, hətta orta və yaşlı nəsil arasında da özünü büruzə verir. İstər elmi məqalələrin, istər kitabların, istərsə də mühazirələrin hazırlanmasında yalnız süni intellektə əsaslanmaq çox ciddi problemdir. Bura magistr və doktorluq işlərini də aid etmək olar.

Düşünürəm ki, bütün sahələrdə süni intellektə sadəcə müəyyən dərəcədə — nəyisə dəqiqləşdirmək və ya axtarış aparmaq üçün bir vasitə kimi müraciət etmək olar. Böyük anlamda elmi dəqiqləşdirmələr aparmaq, elmi nəticələrə gəlmək və insan təfəkküründən doğan mənəvi-məsuliyyətli məsələləri həll etmək süni intellektlə mümkün deyildir.

Bu cür yanaşma nəinki müstəqil düşüncəni zəiflədir, hətta insanın özünə və ətrafındakı insanlara olan inamını da azaldır. Süni intellektin təqdim etdiyi mülahizələrin gələcəyi yoxdur və ola da bilməz”.

crossmedia.az

  • Paylaş: