Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Teymur Kərimli: Nizami əsərlərinin aktuallığı ilk növbədə onun humanizmində özünü göstərir
25.09.2026 15:28
  • A-
  • A
  • A+

Akademik Teymur Kərimli: Nizami əsərlərinin aktuallığı ilk növbədə onun humanizmində özünü göstərir

Sənətkarın əbədiyaşarlığı, əsərlərinin ölməzliyi, əlbəttə ki, zamanın sınağından çıxması ilə bağlıdır. Əgər zaman bir neçə yüzillik ərzində sənətkarın əsərlərini bizə gətirib çatdırırsa və bizim onlara ehtiyacımız varsa, deməli, bu əsərlər aktualdır. Bu baxımdan Nizami Gəncəvi dünya ədəbiyyatının və ədəbi-fəlsəfi fikrinin ən böyük nümayəndələrindən biri kimi nəzərə çarpır. Nizami əsərlərinin aktuallığı, ölməzliyi, müasir ictimai-siyasi və tarixi şəraitə uyğunluğu, ilk növbədə, onun humanizmində özünü göstərir.

Bu fikirləri açıqlamasında AMEA Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli söyləyib. Akademik bildirib ki, dünya ədəbiyyatında ilk dəfə humanizmi sistemli şəkildə, ədəbi-fəlsəfi şəkildə sənətə gətirən Nizami olub. Ondan çox-çox əvvəl qədim Yunanıstanda Homer, İranda Firdovsi kimi sənətkarlar olub. Amma onların əsərlərində humanizm sistemli xarakter daşımayıb. Nizami, özünün də yazdığı kimi, ədəbiyyatı saraylardan xalq arasına gətirib.

Teymur Kərimli bildirib ki, Nizami Gəncəvinin yetişdiyi XII əsr Azərbaycan ədəbi-fəlsəfi mühiti, xüsusilə Gəncə mühiti yüksək inkişaf səviyyəsində olub. Nizaminin əsərləri təkcə Azərbaycanda, Yaxın və Orta Şərqdə, İslam aləmində deyil, dünya ədəbiyyatında hadisədir. Bu baxımdan Nizamini yetirən Azərbaycan xalqı onunla fəxr etməkdə haqlıdır.

Akademik diqqətə çatdırıb ki, Nizami bütün əsərlərində fəlsəfi və insani fikirləri elə yüksək səviyyədə irəli sürüb ki, onlar bu gün də əhəmiyyətini saxlamaqdadır. Nizami elə böyük şəxsiyyət, elə böyük alim, elə böyük filosof idi ki, zamanında olan, ona qədərki insanlıq haqqında düşüncələri, fəlsəfi fikirləri poeziyanın dili ilə çox yüksək sənətkarlıqla ədəbiyyata gətirmişdi. Nizami Aristotelin, Platonun, Sokratın əsərləri ilə tanış olmuşdu və əlbəttə ki, bu, Nizamini bir filosof kimi yetişdirmişdi. Bu, Renessans hadisəsi idi.

“Avropada qədim Yunan və Roma fəlsəfəsi və ədəbiyyatı əsasında yaranan, XIII əsrdən sonra formalaşan ədəbiyyat Renessans ədəbiyyatı adlandırılır və bu proses ilk dəfə İtaliyada başlayaraq sonradan bütün Avropaya yayılıb. Amma onlardan da əvvəl, əgər bu alimlərin, bu filosofların əsərləri Şərqdə Şərq alimlərinə tanış idisə, tərcümə olunub yayılmışdısa, deməli, Şərqdə də Renessans hadisəsi baş vermişdi. Bu Renessans hadisəsi nəticəsində təkcə Nizami kimi böyük dahilər deyil, filosoflar da yetişmişdi. Məsələn, biz Əl-Farabi, Əl-Biruni, İbn Sina kimi böyük şəxsiyyətlər olub. Bütün bunlar dünya ədəbi-fəlsəfi və elmi fikrinin vahid bir məcradan qidalandığını göstərir. Əgər sonradan İbn Sinanın əsərləri, yaxud Əl-Xarəzminin əsərləri Qərbə yayılmışdısa, Qərbdə elmin inkişafına təsir göstərmişdisə, demək, Nizami də bunların bir nümayəndəsi idi”, – deyə Teymur Kərimli fikrini yekunlaşdırıb.

AzərTac

  • Paylaş: