Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.09.2026 12:20
  • A-
  • A
  • A+

Azərbaycan və Çin nümayəndə heyətləri arasında görüş keçirilib

Azərbaycan və Çin nümayəndə heyətləri arasında görüş keçirilib

Sentyabrın 25-də Azərbaycan Respublikası Milli Məclisində Çin Xalq Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib.

Çin nümayəndə heyətini Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qəbul edib.

Görüşdə Azərbaycan və Çin arasında yüksək səviyyəli dostluq münasibətlərinin mövcud olduğu vurğulanıb. Bildirilib ki, iki ölkə arasında qarşılıqlı etimad və xoş münasibətlər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Tərəflər “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, elmi innovasiyalardan səmərəli istifadə və elmi nailiyyətlərin istehsalata tətbiqi məsələlərini müzakirə ediblər. Bu istiqamətdə elmi nəticələrin kommersiyalaşdırılması və innovativ texnologiyaların iqtisadi fəaliyyətə inteqrasiyasının əhəmiyyəti qeyd olunub.

Görüş zamanı Beynəlxalq Avrasiya Laboratoriyasının yaradılması təşəbbüsü də müzakirə edilib. Bildirilib ki, belə bir platformanın yaradılması elm və texnologiyanın müasir nailiyyətlərinin, o cümlədən süni intellekt imkanlarının tətbiqi əsasında Azərbaycan və Çin arasında energetika, elmi tədqiqatlar və innovasiya sahələrində əməkdaşlığın inkişafına xidmət edə bilər.

Azərbaycan tərəfdən görüşdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı Rövşən Muradov, Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, akademik Arif Həşimov və Azərbaycan Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşı Orxan Əliyev iştirak ediblər.

Çin nümayəndə heyətində CORE Akademiyasının prezidenti, Çin Elmlər Akademiyasının akademiki və Şanxay Jiao Tonq Universitetinin sədri professor Di Zhang, CORE Akademiyasının İdarə Heyətinin üzvü professor Li Lei, CORE Akademiyasının baş katibinin icraçı müavini Raymond Jiarui Vu və CORE Akademiyasının Katibliyinin köməkçisi Mei Liu təmsil olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: