Balakən rayonunda müxtəlif dövrlərə aid onlarca alban xristian məbədi mövcuddur. Bu abidələr bölgənin qədim tarixini və zəngin mədəni irsini əks etdirir. Məbədlərin böyük bir qismi zamanla dağılsa da, günümüzədək salamat qalan nümunələr də var.
Bu fikirləri açıqlamasında AMEA Şəki Regional Elmi Mərkəzin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli söyləyib. Balakəndə yerləşən alban xristian məbədləri ilə bağlı araşdırmalardan danışan alim qeyd edib ki, “Arılıq binə” məbəd kompleksi rayonunun Gərəkli kəndi ərazisində, dağın ətəyində yerləşir. Təxminən 4 hektar ərazini əhatə edən kompleksin sərhədləri aydın görünür. Ərazidə məbədlə yanaşı, 7-dək digər tikili və binanın qalıqları da aparılan müşahidələr zamanı müəyyən olunub.
Aparılan tədqiqatlar abidənin təxminən V–IX əsrlərə aid olduğunu deməyə əsas verir. Lakin arxeoloqların və tədqiqatçıların ehtimallarına görə, kompleksin tarixi daha qədim dövrlərə də gedib çıxa bilər.
Qafqaz Albaniyasının tarixi irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir.
Məbəd kompleksi həm də unikal təbiət mənzərəsinə malik ərazidə – dağın ətəyində, çöl ərazinin başlanğıcında və sıx meşəliyin girişində yerləşir. Bu amil gələcəkdə ərazinin böyük turizm marşrutlarından birinə çevrilməsi üçün geniş imkanlar yaradır.