Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Filologiya və sənətşünaslıq” jurnalının 2026-cı il üzrə ilk sayı nəşr olunub
05.09.2026 22:46
  • A-
  • A
  • A+

“Filologiya və sənətşünaslıq” jurnalının 2026-cı il üzrə ilk sayı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin elmi nəşri olan “Filologiya və sənətşünaslıq” jurnalının 2026-cı il üzrə ilk sayı işıq üzü görüb.

Yeni sayda ədəbiyyatşünaslıq, dilçilik, folklorşünaslıq və sənətşünaslığın aktual problemlərinə həsr edilmiş elmi məqalələr yer alıb. Nəşrdə Azərbaycan humanitar elminin ənənəvi tədqiqat istiqamətləri ilə yanaşı, müasir nəzəri və metodoloji yanaşmalara da diqqət yetirilir.

Jurnalın yeni sayı AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Birinci Türkoloji Qurultayın çağırışları və müasir dövr” adlı məqaləsi ilə açılır. Məqalədə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi, mədəni və mənəvi inteqrasiyası tarixindəki yeri geniş şəkildə nəzərdən keçirilir. Qurultayda ortaq latın əlifbasının qəbul edilməsi, türkologiyanın müstəqil elm sahəsi kimi təşəkkülü, eləcə də dilçilik, ədəbiyyatşünaslıq, folklor, tarix, etnoqrafiya və sənətşünaslığın vahid türkoloji istiqamətdə inkişafında oynadığı mühüm rol məqalədə ətraflı təhlil olunur.

Məqalədə Birinci Türkoloji Qurultayın irsi müasir türkologiyanın inkişaf perspektivləri baxımından da dəyərləndirilir. Türkoloji folklorşünaslıq, türkoloji sənətşünaslıq və rəqəmsal türkologiyanın yeni elmi istiqamətlər kimi inkişaf etdirilməsi, humanitar elmlərin rəqəmsallaşması və süni intellekt texnologiyalarının elmi tədqiqat proseslərinə daxil olması müasir mərhələnin mühüm məsələləri sırasında təqdim edilir.

Jurnalın ədəbiyyatşünaslıq bölməsində Azərbaycan milli mətbuatının və maarifçilik düşüncəsinin tarixi, klassik və müasir ədəbiyyatın inkişaf xüsusiyyətləri, Füzuli, Hüseyn Cavid və Bəxtiyar Vahabzadə irsi, tarixi roman, azərbaycançılıq və türkçülük ideyalarının ədəbiyyatda ifadəsi, müasir nəsrin poetikası, yazıçı tənqidi və bədii diskurs kimi problemlər araşdırılır. Eyni zamanda, intertekstuallıq, imagologiya, diskurs təhlili və poetik semantika kimi müasir elmi yanaşmaların konkret ədəbi materiallara tətbiqi ilə bağlı tədqiqatlar təqdim olunur.

Dilçilik istiqamətində Birinci Türkoloji Qurultay və orfoqrafiya məsələsi, Azərbaycan və türk dillərinin tarixi inkişafı, koqnitiv dilçilik, onomastika, dialektologiya, qədim türk yazılı abidələrinin dili, semantika, qrammatikləşmə və funksional ekvivalentlik kimi mövzular yer alır. Bu araşdırmalarda klassik və müasir dil materiallarının koqnitiv, semantik, funksional və müqayisəli metodlarla öyrənilməsi diqqət çəkir.

Folklorşünaslıq bölməsində dastanların mifoloji və arxetipik qatları, Azərbaycan bayatılarının sosial funksiyaları, əfsanə və rəvayətlərin inanc sistemi ilə əlaqəsi, Qarabağ folklorunda tarixi yaddaş, etnik mənsubiyyət və toponimika məsələləri araşdırılır.

Sənətşünaslıq bölməsində isə türkdilli xalqların dini və musiqili poetik ənənələri, Azərbaycan ornamentinin tarixi və estetik xüsusiyyətləri, Qarabağın müasir Türk dünyasının mədəni məkanındakı yeri ilə bağlı tədqiqatlar təqdim olunur.

Yeni sayda müasir humanitar elmlərin nəzəri və metodoloji axtarışlarını əks etdirən tədqiqatlara da yer verilib. Oxucular intertekstual, imagoloji, koqnitiv, funksional, arxetipik və kulturoloji yanaşmaların filologiya və sənətşünaslığın müxtəlif problemlərinə tətbiqi ilə tanış olmaq imkanı əldə edirlər.

“Filologiya və sənətşünaslıq” jurnalının bu sayı Azərbaycan dilinin, ədəbiyyatının, folklorunun, sənətinin və tarixi mədəni irsinin müxtəlif istiqamətlərini əhatə edən elmi araşdırmaları oxuculara təqdim edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: