Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.05.2025 12:15
  • A-
  • A
  • A+

Qarabağda beynəlxalq arxeoloji konfransın keçirilməsi planlaşdırılır

Qarabağda beynəlxalq arxeoloji konfransın keçirilməsi planlaşdırılır

Portuqaliyanın Faro şəhərində Alqarve Universitetində Hugo Obermaier ad. Cəmiyyətin (tam adı: The Hugo Obermaier Society for Quaternary Research and Archeology of the Stone Age/ Dördüncü Dövrün Tədqiqatları və Daş Dövrünün Arxeologiyası üzrə Hugo Obermaier Cəmiyyəti) 66-cı illik konfransı təşkil edilib.

Konfrans Alqarve Universitetinin Arxeologiya və İnsan Davranışının Təkamülü üzrə Fənlərarası Mərkəzinin (Universidade do Algarve ICArEHB) təşkilatçılığı ilə Faro şəhərində yerləşən universitetin Penha kampusunda keçirilib.

Konfransda Avropanın 20-dən çox ölkəsini təmsil edən paleolit dövrü üzrə 50-dək arxeoloq iştirak edib.

Tədbirdə ölkəmizi Qarabağ Universitetinin “Azıx arxeoloji araşdırma və analizlər” laboratoriyasının müdiri, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi və dissertantı Əjdər Babazadə təmsil etmişdir. O, Mayns şəhərindəki (Almaniya) Qotfrid Leybnits ad. Arxeologiya Mərkəzində (LEIZA) Traseologiya və Nəzarətli Təcrübələr Laboratoriyasının rəhbəri Dr. Joao Marreirosla bərabər “Qarabağ paleolit layihəsi: Qafqaz dəhlizində son pleystosendə insanın ekoloji və mədəni dinamikası. Azıx mağarasında (Azərbaycan) yeni arxeoloji qazıntılar” mövzusunda təqdimat edib. Müəlliflər Almaniyanın Q.Leybnits ad. İnstitutunun və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında bağlanmış memorandum əsasında dəstəklənən “Paleolit Qarabağ Layihəsi” çərçivəsində 2024-cü ildə Azərbaycan-Almaniya birgə beynəlxalq arxeoloji ekspedisiyasının Azıx mağarasında apardığı arxeoloji qazıntılar barədə geniş məlumat təqdim ediblər. Bundan başqa, Qarabağın paleolit abidələrində (Azıx, Tağlar və Zar) aşkar edilmiş materialların Almaniyada mikro arxeoloji -mikroskopik (traseoloji) və Azərbaycanda “Azıx arxeoloji araşdırma və analizlər” laboratoriyasında texno-tipoloji və eksperimental analizlərə cəlb edilməsindən söz açıblar.

Konfrans müddətində keçirilən təqdimatlarda Ə.Babazadə tərəfindən xüsusi ilə Azərbaycan Elm Fondunun Ümummilli Lider Heydər Əliyevin 100-illik yubileyinə həsr olunmuş “Əsas qrant müsabiqəsi-2023”-də  “Qarabağın daş dövrünə aid alət sənayesinin texno-tipologiyasının traseoloji və eksperimental analizləri” adlı layihəsi (layihənin nömrəsi: AEF-MCG-2023-1(43)-13/13/5-M-13) vurğulanıb. Bu təqdimatlarda qrant maliyyəsi əsasında, Arxeologiya və Antropologiya İnsitututu ilə Qarabağ Universiteti arasında bağlanmış memorandumun müddəalarına müvafiq olaraq Qarabağ Universitetində “Azıx arxeoloji tədqiqatlar və analzilər laboratoriyası” qurulmasından geniş bəhs edilmiş, traseoloji və eksperimental arxeoloji tədqiqatlar aparılması məqsədilə laboratoriyanın rəqəmsal, elektron və smart cihazlarla təmin olunması konfrans iştirakçılarının nəzərinə çatdırılıb.

Eyni zamanda konfrans iştirakçılarına Azərbaycan Elm Fondunun 10 və 13-cü mobillik qrantları vəsaitilə TraCEr laboratoriyasında (Almaniyanın Q. Leybnits ad. İnstitutu) Qarabağın paleolit abidələrinin (Azıx, Tağlar və Zar) daş alətləri üzərində stereo, metalloqrafik, smartzoom mikroskopları ilə aparılmış makro- və mikro - analizlər barədə məlumat verilmişdir. 

Konfransın son günündə cəmiyyətin prezidenti, Karl və Eberhard ad. Tübingen Universitetinin (Almaniya) professoru Harald Floss`un rəhbərliyi ilə keçirilən idarə heyətinin toplantısı zamanı, Əjdər Babazadə tərəfindən növbəti illik toplantıların birinin Azərbaycanda, Qarabağ Universitetində keçirilməsini təklif edib. Təklif qəbul edilib və qarşıdakı illərdə belə bir nüfuzlu elmi cəmiyyətin illik toplantılarından birinin Azərbaycan Respublikasında keçiriləcəyi planlaşdırılır.

Qeyd edək ki, Dördüncü Dövr (2.58 milyon il əvvəldən günümüzədək olan geoloji dövr) tədqiqatları və Daş Dövrü arxeologiyası üzrə Hugo Obermaier ad. Cəmiyyət (The Hugo Obermaier Society for Quaternary Research and Archaeology of the Stone Age) - Avropada ixtisaslaşmış ən nüfuzlu akademik təşkilatlardan biridir. Cəmiyyət 1951-ci ildə qurulub və məşhur alman arxeoloqu və paleontoloqu Hugo Obermaier`in (1877–1946) şərəfinə  adlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: