Bu gün Azərbaycanın görkəmli şərqşünas və islamşünas-alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filoloji elmlər doktoru, mərhum professor Vasim Məmmədəliyevin anadan olduğu gündür.
Bakı Dövlət Universitetinin professoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə açıqlamasında görkəmli alim Vasim Məmmədəliyevlə bağlı fikirlərini bölüşüb.
O qeyd edib ki, Azərbaycanda və dünyanın bir çox ölkələrində dilçilik elminin tanınmış nümayəndəsi kimi Vasim Məmmədəliyev uzun illər ərzində ərəb dilçiliyi və filologiyasının aktual problemlərinin tədqiqi ilə ardıcıl surətdə məşğul olub. Onun ərəb dilçiliyi və filologiyasının bir sıra aspektlərinə həsr olunmuş əsərləri elmi ictimaiyyətin rəğbətini qazanıb, mədəni irsimizin bir sıra abidələrinin, o cümlədən müqəddəs “Qurani-Kərim”in təfsiri və dilçilik xüsusiyyətləri ilə bağlı fikir və mülahizələri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və bu sahədə tədqiqatların aparılması üçün prioritet istiqamətlərin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malik olub. Akademik Vasim Məmmədəliyev tərəfindən aparılan tədqiqatlar nəticəsində ərəb dilçilik elminin dünya dilçilik elmində orijinal sistemə malik olması, onun nəzəri və metodoloji baxımdan Hind-Avropa dilçiliyindən fərqli cəhətləri müəyyən edilib, ərəb dilçiliyinin ilkin orta əsr dilçilik tarixində yeni söz olması göstərilib və ərəb dilçiliyinin Avropa dilçilik elminə təsiri ətraflı olaraq araşdırılıb. Onun elmi yaradıcılığının böyük bir hissəsi müsəlman dünyasının ən nadir incilərindən hesab edilən və ərəb ədəbi dilinin ən böyük abidəsi olan “Qurani-Kərim”in dil və üslub xüsusiyyətlərinin öyrənilməsi ilə əlaqədar olub. Vasim müəllimin universal biliklərə, ensiklopedik məlumatlara malik olması onun mərhum akademik Ziya Bünyadovla birgə müqəddəs “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə edərək xalqın istifadəsinə verməsinə imkan yaradıb.
“Vasim müəllim klassik Şərq ədəbiyyatını, o cümlədən klassik Azərbaycan, fars, ərəb ədəbiyyatını mükəmməl bilir, müasir ədəbi prosesləri daim izləyirdi. O, eyni zamanda, Azərbaycan musiqisinin, xüsusilə də muğamların gözəl bilicisi olub. Dəfələrlə muğam gecələrini aparıb, respublikanın görkəmli xanəndə və müğənnilərinin yaradıcılıq görüşlərində mütəxəssis kimi çıxış edib, musiqi xadimlərini muğam incilərinə hörmət etməyə, onları düzgün ifa etməyə çağırıb”, - deyə alim bildirib.
Professor bildirib ki, akademik Vasim Məmmədəliyev müstəqillik əldə etmiş respublikamızın ehtiyac duyduğu gənc ilahiyyatçı mütəxəssislərin hazırlanmasında gərgin əmək sərf edib. O, 40-dan çox monoqrafiya, dərslik və kitabın, 650-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifi olub. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib. O, 50-dən çox dissertasiya işinə rəsmi opponentlik edib, şərqşünaslıq və ərəb dilçiliyi sahəsində 54 fəlsəfə doktoru və 5 elmlər doktoru yetirib, dəfələrlə Rusiya, Polşa, Misir, ABŞ, İndoneziya, İraq, Türkiyə, İran, Gürcüstan, Fransa və digər xarici ölkələrdə keçirilən konfrans və simpoziumlarda məruzə ilə çıxış edib.
A.Kazımzadə vurğulayıb ki, akademik Vasim Məmmədəliyevin elm və təhsil sahəsindəki əvəzsiz xidmətləri dövlət və beynəlxalq ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilib. Vasim müəllimin İslam dininin, islam dəyərlərinin təbliğində və yayılmasında, Quran ayələrinin, dini ayinlərin və hədislərin düzgün yozulmasında, xalqın mənəvi cəhətdən zənginləşməsində və inkişafında böyük xidmətləri olub. Onun təşəbbüsü və iştirakı ilə uzun illər ərzində Azərbaycan Televiziyasında hər cümə axşamı efirə verilən “Haqqın dərgahı” verilişi ümumxalq məhəbbəti qazanıb, İslam dini dəyərlərinin ölkəmizdə elmi şəkildə təbliğ olunması işində mühüm rol oynayıb. Vasim Məmmədəliyevin bir müəllim və alim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət və qayğı, fəal həyat mövqeyi ona həmişə həmkarlarının, dostlarının və tələbələrinin dərin hörmətini qazandırırdı.