Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2025 12:44
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

Coğrafiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə AR ETN Elmi Təşkilatların Həmkarlar İttifaqı Komitəsinin sədri professor Habil Qurbanov və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov iştirak edib.

İnstitutun baş direktoru v.i.e. c.ü.f.d., dosent Zaur İmrani tədbir iştirakçılarını salamlayaraq Heydər Əliyevin xatirəsini əziz tutan xalqımızın Ulu Öndərin anadan olmasının 102-ci ildönümünü yüksək səviyyədə ölkəmizin hər yerində qeyd etdiyini diqqətə çatdırıb. Heydər Əliyevin dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərini vurğulayan Z.İmrani qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin təməlində məhz onun uzaqgörən siyasəti, prinsipial mövqeyi və möhkəm iradəsi dayanır. Ümummilli liderin hüquqi dövlətin formalaşdırılması, milli təhlükəsizliyin təmin edilməsi, iqtisadi islahatların həyata keçirilməsi və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi sahəsində gördüyü işlər əvəzolunmazdır. Onun müəyyən etdiyi strateji inkişaf xətti bu gün də uğurla davam etdirilir və Azərbaycanın siyasi sabitliyi, iqtisadi gücü və beynəlxalq nüfuzu məhz bu irsin davamıdır.

Bildirilib ki, Heydər Əliyev güclü, sabit və hüquqi dövlətin qurulmasını milli inkişafın əsas prioriteti kimi müəyyənləşdirmişdir. O, Azərbaycanın müstəqilliyinin, milli maraqlarının qorunması ilə yanaşı, dövlət institutlarının yaradılması və möhkəmləndirilməsi, iqtisadiyyatın dirçəldilməsi və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində mühüm işlər görmüşdür. Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiya, həyata keçirilən hüquqi və institusional islahatlar müstəqil dövlətin təməlini qoymuşdur. Onun dövlət quruculuğu siyasəti bu gün də ölkənin inkişaf strategiyasının əsasını təşkil edir. 

“Heydər Əliyev və yeni liderlik” mövzusunda çıxış edən Fəlsəfə elmləri doktoru Füzuli Qurbanov məruzəsində Heydər Əliyevin siyasi irsində azərbaycanlıların deportasiyası məsələsini önə çəkib, Ümummilli liderin fəaliyyətində tarixi ədalətsizliklərin ifşasına, soydaşlarımızın hüquqlarının müdafiəsi və milli yaddaşın qorunması məsələlərinə xüsusi yer ayrıldığını vurğulayıb.

Professor Habil Qurbanov çıxışında qeyd edib ki, vaxtı ikən əlaçı tələbə kimi müxtəlif yığıncaqlarda Ulu Öndər Heydər Əliyevlə bir neçə dəfə təmasda olub və bu hadisə onun yaddaşında silinməz izlər buraxıb. Ömrünü xalqının rifahına həsr edən bu dahi şəxsiyyət Azərbaycanın inkişafı, müstəqilliyi və dünyada layiqli yerini tutması üçün əlindən gələni edib.

HİK rəhbəri Ulu Öndərin layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, orada böyük quruculuq işlərinin aparıldığını, Böyük Qayıdış planına əsasən vətəndaşlarımızın mərhələli şəkildə öz yurdlarına qayıtdıqlarını bildirib.

Sonra institutun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş şahmat turnirinin qalibləri Şamil Əzizov, Ziyafət Ağayev, Natiq Babayev, Səidə Mürsəlova mükafatlandırılıb.  

Tədbirdən sonra institut əməkdaşları HİK və YAP ilk ərazi təşkilatının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: