AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dosent Xatirə Yusifovanın “Yazılı abidələrimizin dövrləşdirilməsi” mövzusunda mühazirəsi dinlənilib.
Alim mühazirəsində yazılı abidələrimizin dövrləşdirilməsi prosesindən, Azərbaycan yazılı ədəbiyyat nümunələrindən, Orxon-Yenisey abidələrindən, Mahmud Kaşğarinin müəllifi olduğu, Türk dünyasının ilk ensiklopedik lüğəti sayılan “Divani lüğət-it-türk” əsərindən, tarixi-bioqrafik mətnlərdən, bədii və dini mətn nümunələrindən, epitafiya lirikasından və hüquqi sənədlərdən bəhs edib, hazırladığı videoslayd vasitəsilə onlardan nümunələr göstərib.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Seminarda Əlyazmalar İnstitutunun doktorant və dissertantları ilə yanaşı, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Odlar Yurdu və Bakı Avrasiya universitetlərinin tələbələri də iştirak edib.
Xatırladaq ki, doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların iyun ayına qədər davam etdirilməsi nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.