Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.05.2025 13:50
  • A-
  • A
  • A+

YAP Neftçala rayon təşkilatı və Şərqşünaslıq İnstitutu “Suveren Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçiriblər

YAP Neftçala rayon təşkilatı və Şərqşünaslıq İnstitutu “Suveren Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçiriblər

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı və Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Suveren Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir!” adlı ümumrayon tədbiri keçirilib.

Tədbirdə AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları, fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərində ucaldılan abidəsi önünə tər gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin anılması ilə öz işinə başlayıb.

Tədbiri Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov açıb.

Sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Rühəngiz Cümşüdlü “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, ümumi işlər üzrə direktor müavini, Vətən müharibəsi iştirakçısı Pərviz Ağayev “Zəfər günü – Ulu öndərin siyasi bəhrəsi”, şöbə müdirləri - filologiya elmləri doktoru, dosent Lalə Bayramova “Heydər Əliyev və Azərbaycan elmi”, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev “Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması probleminə fəlsəfi baxış”, aparıcı elmi işçilər - filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova “Heydər Əliyevin Azərbaycan və Misirin elm-təhsil əlaqələrində rolu”, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov “Multikultural Azərbaycan dövlətinin şanlı qələbəyə aparan Heydər Əliyev dühası” və tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının Yaxın və Orta Şərq ölkələri ilə çoxtərəfli münasibətləri” mövzularında məruzələrini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Çıxış edənlər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, dahi lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazandığını bildiriblər. Qeyd olunub ki, Ümummilli Liderimizin böyük fədakarlıqları hesabına bu gün Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilib. Ulu Öndərin Azərbaycanın sosial-iqtisadi, siyasi, hərbi və mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı istiqamətində gördüyü böyük işlər Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğunu şərtləndirib.

Bildirilib ki, bu gün Ümummilli Liderin müdrik, əbədiyaşar ideyaları dövlətimizin başçısı, Prezident İlham Əliyevin düzgün və məqsədyönlü siyasətində əks olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutması, böyük nüfuza və beynəlxalq arenada söz sahibi olan güc mərkəzinə çevrilməsi Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsidir.

Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin ərsəyə gətirdiyi konsert proqramı və məktəblilərin ifasında rəqs nömrəsi ilə davam edib.

Sonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə YAP Neftçala rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalına Fəxri fərman təqdim olunub. Yeni Azərbaycan Partiyasının himni ilə tədbirə yekun vurulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: