Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən institutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev konfrans iştirakçılarını salamlayaraq müasir Azərbaycanın qurucusu və Ümummilli lideri Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki mühüm fəaliyyətlərindən biri olan Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması və qəbulunda oynadığı rolundan, elmə göstərdiyi diqqət və qayğıdan danışdı.
Daha sonra İ.Mustafayev “Azərbaycan Respublikası Konstitutsiyası və ətraf mühitin qorunması məsələləri” mövzusunda çıxış edərək bu kontekstdə Ümummilli Lider Heydər Əliyevin rolundan danışıb. Onun rəhbərliyi dövründə ətraf mühitin mühafizəsi məsələləri dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğunu vurğuladı. Bu istiqamətdə atılan mühüm addımlar və Konstitusiya çərçivəsində ətraf mühitin qorunmasına verilən əhəmiyyət Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasında ətraf mühitin qorunması hüquqi müstəviyə gətirilmiş, dövlət siyasətində isə ekoloji təhlükəsizliyin təmin olunması prioritet istiqamətlərdən birinə çevrilmişdir. Onun bu sahədəki fəaliyyəti Azərbaycanın dayanıqlı inkişaf yolunda irəliləməsində mühüm rol oynamışdır.
İnstitutun icraçı direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva “Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitutsiyası” mövzusunda çıxış edərək bildirib ki, 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, ölkənin xilaskarı rolunu oynayaraq Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Onun uzaqgörən siyasəti, güclü idarəçilik təcrübəsi və milli maraqlara əsaslanan strateji baxışı nəticəsində Azərbaycanda sabitlik təmin olundu, sosial-iqtisadi islahatlara start verildi, ictimai-siyasi sabitlik bərpa olundu və ölkə beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı. Bütün bu uğurlar, bu gün Azərbaycan Respublikasının dayanıqlı inkişafının təməlini təşkil edən Heydər Əliyev siyasətinin bariz nəticələridir.
Konfransda daha sonra “Bərpa olunan enerji növlərinin çevrilmələri” laboratoriyasının rəhbəri texnika üzrə fəlsəfə doktoru, dosent O.Salamov “Bərpa olunan enerji sahəsində RPİ-nin tədqiqatları” mövzusunda çıxış edərək institutda bu istiqamətdə aparılan tədqiqatlar haqqında geniş məruzə etdi.
Sonda konfrans iştirakçılarına Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.