Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı tədbir və YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Zəfər tariximizin fatehləri” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə institutun rəhbərliyi və kollektivi ilə yanaşı, çoxsaylı qonaqlar, o cümlədən Azərbaycan Respublikası Milli Məclisinin, AMEA Qadınlar Şurasının, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı və Veteranlar Şurasının məsul şəxsləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılar əvvəlcə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə institutun ərazisində salınmış “Nadir ağaclar kolleksiyası” ilə tanış olublar, daha sonra Ulu Öndərin həyatı, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti institutun baş direktoru, akademik İradə Hüseynova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, xalqımızın rifahı və təhlükəsizliyi, elm və təhsili, milli müstəqilliyi və suverenliyinin təmin olunması sahəsindəki müstəsna xidmətləri haqqında danışıb. Akademik qeyd edib ki, Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində müstəqil dövlətimizin təməli qoyulub, elm və təhsilə əsaslanan inkişaf strategiyası formalaşdırılıb, ordunun gücləndirilməsi üçün mühüm addımlar atılıb. Akademik çıxışında qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə elm və təhsilin inkişafı Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib, müxtəlif elmlər, o cümlədən biologiya sahəsində yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə 1970-80-ci illərdə mühüm proqramlar həyata keçirilib. Eyni zamanda, Ulu Öndərin gənclərə olan qayğısı xüsusi vurğulanıb. Natiq deyib ki: “Heydər Əliyev təkcə lider deyildi – o, sabitliyin, inamın və dirçəlişin rəmzi idi. Bu gün Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursu onun qurduğu möhkəm təməllər üzərində uğurla davam etdirilir və dövlətimiz həm siyasi, həm iqtisadi, hən hərbi, həm də elmi sahələrdə mühüm nailiyyətlərə imza atmışdır. Müasir Azərbaycan geniş inkişaf yoluna qədəm qoymuş, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, beynəlxalq müstəvidə və cəmiyyət həyatının bütün sahələrində böyük uğurlar qazanmışdır”.
Daha sonra çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, AMEA-nın müxbir üzvü, institutun laboratoriya müdiri Novruz Quliyev, institutun Gənc alim və mütəxəssislər şurasının sədri Nərgiz Bayramova böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın intibahı naminə, ölkəmizin beynəlxalq nüfuzunun təmin edilməsi, sosial-iqtisadi tərəqqisi, milli dövlət quruculu, silahlı qüvvələrin yaradılması və silahlandırılması, gənclərin sağlamlığı, təhsili, inkişafı naminə gördüyü işlərdən danışıblar. Heydər Əliyevin siyasi kursu Azərbaycanın müstəqilliyini qoruya bilib, onu parçalanmaqdan xilas edib, bu kurs bizi Şuşaya çatdırıb və Qərbi Azərbaycana da aparacağı şəksizdir. Qeyd edilib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də dövlətimizə onun başladığı işləri məntiqi nəticəsinə çatdırmağı bacaran bir şəxsiyyəti, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyev kimi lideri bəxş etməsi sayıla bilər. Məhz Ulu Öndərin siyasi dühası və onun layiqli davamçısı, Böyük Strateq İlham Əliyevin yüksək dəqiqliklə atılmış addımları sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilib.
Tədbir iştirakçıları Ulu Öndərin zəngin irsinin qorunmasının və yeni nəsillərə ötürülməsinin vacibliyini bir daha vurğulayıb, onun ideyalarının Azərbaycançılıq, müstəqillik və tərəqqi yolu olduğunu ifadə ediblər.
Tədbir çərçivəsində YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Zəfər tariximizin fatehləri” adlı kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən akademik İradə Hüseynova kitabı Azərbaycanın müasir tarixinə, milli yaddaşına və qələbə ruhuna həsr olunmuş dəyərli publisistik irs kimi dəyərləndirib. Akademik qeyd edib ki, kitabda Ulu Öndər Heydər Əliyevin ideoloji təməlini qoyduğu milli dövlətçilik xəttinin Prezident İlham Əliyevin liderliyi ilə necə böyük zəfərlə tamamlandığı geniş şəkildə təsvir olunur. O, Zərifə Quliyevanın yazılarını gələcək nəsillər üçün örnək, milli ruhun daşıyıcısı və maarifləndirici vasitə kimi dəyərləndirib. “Zərifə xanım bu kitabla milli həmrəyliyi, vətən sevgisini və qələbə ruhunu yeni nəsillərə çatdırmaq missiyasını uğurla yerinə yetirir,” – deyə akademik vurğulayıb.
Kitab haqda fikirlərini bölüşmək üçün söz AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadəyə verilib. Natiq çıxışında ixtisasca həkim olan Zərifə Quliyevanın həmçinin istedadlı publisist olduğuna diqqət çəkib, müəllifin sayca 7-ci kitabının təqdimatının Ulu Öndərin anadan olmasının 102-ci ildönümünün qeyd edildiyi tədbirlə birgə keçirilməsini mühüm hadisə adlandırıb. Kitabın yüksək mənəvi dəyərini və tərbiyəvi əhəmiyyətini xüsusi vurğulayan Rəna Mirzəzadə qeyd edib ki, Zərifə Quliyeva ölkənin ictimai-siyasi hadisələrinə, qazanılmış böyük uğurlara münasibət bildirməyi hər zaman özünün missiyası hesab edib. Zərifə Quliyeva kitabda toplanmış məqalələrində dövlətimizin qazandığı uğurlarda Birinci vitse-prezident Mehriban Əliyevanın roluna da diqqət çəkib.
Sonda Ümummilli Lider Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.