Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “Şuşanın yazılı abidələri (ictimai-mədəni və tarixi proseslər kontekstində)” mövzusunda vebinar keçirilib.
Maarifləndirilmə məqsədilə təşkil olunmuş vebinarda çıxış edən Kompleksin direktoru tarix üsrə fəlsəfə doktoru Rəxşəndə Bayramova belə tədbirlərin əhəmiyyətli olduğunu vurğulayaraq, Azərbaycanın mədəniyyət paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərinin tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngin olduğunu bildirib.
Daha sonra əsas məruzəçi kimi çıxış edən AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, institutun Gənc Alimlər və Mütəxəssislər şöbəsinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev Azərbaycan ərazisində mövcud olan yazılı abidələrin xüsusiyyətləri, kitabələrə həkk olunmuş mətnlərin dili, məzmunu və linqvistik üslubları haqqında ətraflı məlumat verib, işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən erməni vandalizmi nəticəsində maddi-mədəni irsimizə dəymiş zərərlər haqqında informasiyaları diqqətə çatdırıb.
Məruzə Şuşa şəhərində inşa edilmiş tarixi abidələrə aid inşaat kitabələri və yazılardakı şəhərdə mövcud olan elmi-mədəni mühitlə bağlı mövzuları əhatə edib. Epiqrafik abidələrin tədqiqinin elmi əhəmiyyətindən danışan məruzəçi Məşədi Şükür Mirsiyab oğlunun karvansarasındakı kitabələrdə yazılanlar, burada elm, təhsil, tarix və mədəni proseslər haqqında ətraflı bəhs edib.
Məruzədə 1905-1906-cı illərdə mütəşəkkil erməni silahlı qüvvələrinin Azərbaycanın müxtəlif şəhər və bölgələrində dinc azərbaycanlı müsəlman əhaliyə qarşı törətdiyi kütləvi qırğınlardan söhbət açılıb, bu soyqırımların baş verdiyi şəhərlərdən birinin də Şuşa olduğu qeyd edilib. Elnur Mustafayev 2022-ci il iyun-iyul aylarında elmi-tədqiqat məqsədi ilə Şuşa şəhərinə ziyarət edərkən aşkarladığı epiqrafik abidələrdə bu dəhşətli cinayətlərin əks olunduğunu müəyyən edib. Belə ki, onun aşkarladığı bəzi məzar daşlarında ərəb və fars dillərində ermənilərin azərbaycanlı dinc müsəlman əhalini qətlə yetirdiyi haqda məlumatlar həkk olunub. Məruzəçi onuda bildirib ki, epiqrafik abidələr, ümumilikdə maddi-mədəni irs aid olduğu ərazinin və orada yaşayan əhalinin tarixini, eyni zamanda onların həmin ərazilərdə mövcudluğunu isbat edən ən mühüm sübutlardan biri hesab olunur. Bununla yanaşı, daş kitabələr dövrünün milli, dini, mədəni, ictimai düşüncə tərzini, həmçinin cərəyan edən hadisələri öyrənmək üçün ən yaxşı vasitələrdən biridir. Gələcək nəsillərə tarixi irsimiz və əsrlər boyu təşəkkül tapmış zəngin mədəniyyətimiz haqqında daha geniş məlumatları ötürmək üçün bu qəbildən olan abidələr böyük əhəmiyyətə malikdir. Müharizə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.