Mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və AMEA-nın 80 illiyinə həsr edilmiş institutlararası mini futbol turnirinin bağlanış mərasimi keçirilib. Mini futbol turniri AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi, AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ), AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və ATİAHİ Elmi Təşkilatların Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Futbol turniri bu il ilk dəfə fərqli formatda təşkil olunub və həm Azərbaycan Milli Elmlər Akademiyasının, həm də Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrin ayrıca çempionatı keçirilib, yekunda hər çempionatın qalibi olan komandalar super kubok uğrunda qarşılaşıblar.
Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası üzrə çempion final qarşılaşmasında Nizami Gəncəvi adına Ədəbiyyat, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya, Hüquq və İnsan Haqları institutlarının birləşmiş komandasını məğlub edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası olub.
III yer uğrunda keçirilən görüşdə isə AMEA-nın Rəyasət Heyəti aparatının və “Elm” nəşriyyatının birləşmiş komandası Memarlıq və İncəsənət və Fəlsəfə və Sosiologiya institutlarının birləşmiş komandasını məğlub edərək bürünc medalın sahibi olublar.
Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələr üzrə çempion isə finalda İnformasiya Texnologiyaları İnstitutunun komandasını məğlub edən Geologiya və Geofizika İnstitutunun komandası olub. III yeri isə İqtisadiyyat İnstitutunun komandası tutub.
Super kubok uğrunda keçirilən qarşılaşmada isə Azərbaycan Milli Elmlər Akademiyasını Respublika Seysmoloji Xidmət Mərkəzi, Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələri isə Geologiya və Geofizika İnstitutunun komandası təmsil edib. Görüşün əsas vaxtı 3-3 hesabı ilə başa çatıb və penalti zərbələrində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası üstün olaraq super kubokun sahibi olublar.
Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan oyunlardan sonra turnirin mükafatlandırma mərasimi olub. Mərasimdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, AHİK sədrinin müavini Hikmət Osmanov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və idman sektorunun müdiri İlham Səfərov, AHİ-nin sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, ATİAHİ Elmi Təşkilatların Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru Habil Qurbanov, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, Həmkarlar Təşkilatlarının, YAP ərazi partiya təşkilatlarının sədrləri, gənc alimləri və komandaların azarkeşləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizdə bütün sahələrə olduğu kimi, idmanın da inkişafına xüsusi diqqət yetirib, məhz onun Fərmanı ilə AR Gənclər və İdman Nazirliyi yaradılıb. Dahi liderin bu sahədə həyata keçirdiyi genişmiqyaslı təşkilatlanma işləri nəticəsində Azərbaycan idmançıları respublika və beynəlxalq səviyyəli yarışlarda ölkəmizi layiqincə təmsil edib və xalqımıza böyük zəfərlər bəxş ediblər.
Ulu Öndərin gənclər və idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən akademik İsa Həbibbəyli son illərdə Azərbaycanın dünya səviyyəli yarışmalara uğurla ev sahibliyi etdiyini, Azərbaycanın idman ölkəsi kimi tanındığını, idmançılarımızın Dünya və Avropa yarışmalarında, eləcə də Olimpiya oyunlarında xalqımızı ləyaqətlə təmsil etdiklərini bildirib. Vurğulayıb ki, dövlətimizin idman siyasəti xalqımızın hərtərəfli inkişaf etdirilməsi siyasətinin üzvi tərkib hissəsidir.
Akademiyada da dövlətimizin siyasətinə uyğun olaraq, hər il ənənəvi futbol çempionatının keçirildiyini bildirən akademik İsa Həbibbəyli builki turnirin ilk dəfə fərqli formatda baş tutduğunu, yekunda AMEA və ETN-in elmi müəssisələrinin qalib komandalarının super kubok uğrunda üz-üzə gəldiklərini söyləyib. Akademik İsa Həbibbəyli çempionatın yüksək səviyyədə təşkilinə görə, təşkilatçılara təşəkkür edib, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına verdikləri dəstəyə görə minnətdarlığını bildirib, gənclərimizin asudə vaxtlarının səmərəli təşkili istiqamətində əməli fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.
Builki futbol turnirinin həm də AMEA-nın 80 illik yubileyinə həsr olunduğunu bildirən akademik İsa Həbibbəyli dövlət başçısı tərəfindən Akademiyanın yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalandığını xatırladıb və Azərbaycan idmanına, gəncliyinə, elminə, Akademiyaya göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Həmçinin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi, sosial-mədəni xidmətlərinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini söyləyib.
AMEA rəhbəri çıxışının sonunda qeyd edib ki, bu kimi tədbirlər yeni nəsillərin Heydər Əliyev, Azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyəsində böyük əhəmiyyətə malikdir və bu istiqamətdə əməli fəaliyyət bundan sonra da davam etdiriləcək.
AHİK sədrinin müavini Hikmət Osmanov isə çıxışında ölkəmizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirildiyini və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bu tədbirlərdə yaxından iştirak etdiyini söyləyib. AHİK sədri Sahib Məmmədovun salamlarını çatdıran Hikmət Osmanov Konfederasiya üzvlərinin asudə vaxtlarının səmərəli təşkilinə hər cür dəstəyin verildiyini söyləyib və bugünkü çempionatın təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, uğurlar arzulayıb.
Sonra çıxış edən YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, ölkəmizin bir çox beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etdiyini söyləyib və bütün bunların Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi idman siyasətinin nəticəsində əldə olunduğunu deyib.
Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və idman sektorunun müdiri İlham Səfərov isə çıxışında təşkilatçılara minnətdarlığını bildirib və ölkəmizdə dövlət başçısının liderliyində həyata keçirilən gənclər və idman siyasətindən danışıb.
Daha sonra çıxış edən AMEA-nın AHİ-nin sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov iştirakçıları salamlayıb, təltifedilmə mərasimində iştirak edən qonaqlara minnətdarlığını bildirib. Qeyd edib ki, Azad Həmkarlar İttifaqının da təşkilatçısı olduğu futbol turniri bu il ilk dəfə ETN-in Elmi Təşkilatların Həmkarlar İttifaqı Komitəsi ilə birgə keçirilib və 1 aya yaxın davam edən çempionatda iştirakçıların sayı və turnirə göstərilən maraq yüksək olub.
O, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və AMEA-nın 80 illiyinə həsr edilmiş institutlararası mini futbol turnirinin təşkilinə verdiyi dəstəyə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını ifadə edib.
ATİAHİ Elmi Təşkilatların Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru Habil Qurbanov isə bildirib ki, builki turnir ilk dəfə AMEA-nın Azad Həmkarlar İttifaqı ilə birgə keçirilib və bu, qurumlarımız arasındakı yüksək münasibətin və dostluğun ifadəsidir.
Çıxışlardan sonra akademik İsa Həbibbəyli Respublika Seysmoloji Xidmət Mərkəzinin futbol komandasının kapitanı Azər İsgəndərova çempionatın kubokunu və medallarını təqdim edib. Həmçinin ikinci və üçüncü yerlərin sahiblərinə sertifikatlar, medal və pul mükafatları təqdim olunub, xatirə şəkilləri çəkilib.
Sonda mini futbol turnirinin bağlanış mərasiminin iştirakçıları AMEA-nın Nadir ağaclar parkına baxış keçiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.