Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluşdan Böyük Zəfərə” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
Akademik Arif Həşimov çıxışında 15 İyun – Milli Qurtuluş Günü sadəcə bir təqvim günü deyil, böyük siyasi, tarixi və mənəvi məna daşıyan bir gün olduğunu bildirib. 15 İyun xalqımız üçün gerçək qurtuluşun və sabitliyin başlanğıcıdır. Bu mühüm dönüş nöqtəsinin başında isə Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə misilsiz xidmətlər göstərmiş, daim xalqına güvənmiş Ümummilli Lider Heydər Əliyev dayanır.
1993-cü il iyunun 9-da Ulu Öndərin Bakıya qayıdışı, əslində, xalqın ona olan inamının və ümidsizliyə qapıldığı bir anda güvənc yeri axtarışının nəticəsi idi. Ulu Öndər bu mürəkkəb proseslərin fonunda siyasi iradə, qətiyyət və xalqı ətrafında səfərbər etmək bacarığı ilə ölkədə sabitlik və hüquqi idarəçiliyin bərpası istiqamətində mühüm addımlar atdı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Qısa müddətdə o, dövlət aparatını yenidən formalaşdırdı, hüquqi islahatlara başladı, ordu quruculuğuna xüsusi önəm verdi. Həmin tarixi gün sonradan – 1997-ci ildə Milli Məclisin qərarı ilə Milli Qurtuluş Günü kimi rəsmiləşdirildi və hər il dövlət səviyyəsində qeyd olunmağa başladı.
Akademik Arif Həşimov Heydər Əliyev yalnız müstəqilliyi bərpa etməklə kifayətlənmədi, o, müstəqil dövlətin möhkəmlənməsi, beynəlxalq hüquq subyektinə çevrilməsi üçün ardıcıl və sistemli islahatlar həyata keçirdiyini xatırladıb. Onun rəhbərliyi ilə Azərbaycanın Konstitusiyası qəbul olundu, ilk demokratik parlament seçkiləri keçirildi, insan hüquqları və azadlıqları dövlət siyasətinin prioritetinə çevrildi. “Müstəqilliyimiz əbədi, dönməz, sarsılmazdır” prinsipi Ulu Öndərin siyasi fəlsəfəsinin mərkəzində dayanırdı. O, Azərbaycan dövlətçiliyinin hüquqi və siyasi əsaslarını quraraq əslində müstəqilliyin qorunmasının ideoloji təməlini formalaşdırdı.
Tədbirdə fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, Yeni Azərbaycan Partiyasının üzvü, elmi işçi Bayram Xudayarov, fizika üzrə fəlsəfə doktoru Çinarə Səbzəliyeva çıxış ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat yolu və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.