AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin tədqiqinə həsr olunmuş “Nizami Gəncəvi əsərlərinin əlyazmaları və onların tərcümə məsələləri” mövzusunda elmi sessiya keçirilib.
Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin təşkilatçılığı ilə baş tutmuş tədbiri giriş nitqi ilə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov açıb, çıxışında qüdrətli söz və fikir ustadının irsinin daha dərindən öyrənilməsi, tədqiqi və təbliği məqsədilə keçirilmiş tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Nizami yaradıcılığı milli-mənəvi dəyərlərimizə söykəndiyi üçün Azərbaycan xalqının özünüdərki və özünəinamının inkişafı baxımından mühüm rol oynayıb. Daha sonra çıxış üçün sözü məruzəçilərə verib.
İnstitutun Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin əməkdaşları - şöbə müdiri fil.ü.f.d. Rəna İskəndərli, aparıcı elmi işçi fil.ü.f.d., dosent İbrahim Quliyev və böyük elmi işçi Əsmət Məhərrəmova mövzuya uyğun məruzələrində Azərbaycan xalqının iftixarı olan dahi şairimizin həyat və yaradıcılığından, onun əsərlərinin tərcümələrindəki təhriflərdən, o cümlədən əsərlərinin Bakı nüsxələrinin təsviri və onların ingilis dilinə tərcüməsi prosesindən bəhs edib, çıxışlarında Nizaminin nəinki Azərbaycanın və bütün müsəlman Şərqinin, eyni zamanda bütün dünyanın nadir zəka sahiblərindən biri olduğunu, onun sülh və tərəqqiyə çağıran qiymətli mirasının isə bəşəriyyət üçün zəngin həyat məktəbi olduğunu vurğulayıblar.
Sonda tədbir iştirakçıları Əlyazmaların elmi ekspozisiyası və təqdimi və Fondların elmi uçotu və mühafizəsi şöbələrinin birgə hazırladıqları, Nizami Gəncəvi əsərlərinin əlyazmalarından, Nizaminin əsərlərindən çəkilmiş miniatürlərdən və əməkdaşlarımızın onun yaradıcılığını özündə əks etdirən nəşrlərindən ibarət sərgi ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.